Sumqayıt Dövlət Dram Teatrı növbəti dəfə “Xeyir Xəbər” tamaşasını təqdim edib
Bölmə: Mədəniyyət › ,Tarix: 16:18 23.01.2025
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi ilə gənclərin yenilikçi baxış bucaqlarının müstəqil olaraq səhnədə öz həllini tapa bilməsi məqsədi ilə gənc rejissor Fuad Cavadzadənin quruluşunda, Əməkdar incəsənət xadimi, yazıçı-dramaturq Əli Əmirlinin yeni pyesi əsasında hazırlanan “Xeyir Xəbər” tamaşası Sumqayıt Dövlət Dram Teatrında təqdim olunub. Ötən mövsüm çox uğurla premyerası keçirilən tamaşa Sumqayıt ictimaiyyətinə, teatrsevərlərə, müharibə veteranlarına, qazilərə və şəhid ailələrinə təqdim edilib.
Növbəti dəfə tamaşa Mədəniyyət Nazirliyinin və Akademik Milli Dram Teatrının birgə təşkilatçılığı ilə həyata keçirilən “Bölgə Teatrlarının Bakı Premyeraları” layihəsi çərçivəsində Bakı teatrsevərlərinə, teatr ictimaiyyətinə və tamaşaçılara təqdim olunub. Tamaşa, eyni zamanda, Mədəniyyət kanalı vasitəsilə canlı yayımlanıb.
Bu dəfə isə ölkənin əsas teatrlarından olan Azərbaycan Dövlət Milli Gənc Tamaşaçılar Teatrında Bakı teatrsevərlərinə, teatr ictimaiyyətinə, ziyalılara və tamaşaçılara uğurla təqdim edilib.
Bir hissəli qəhrəmanlıq dramı olan “Xeyir Xəbər” tamaşasının bədii rəhbəri Xalq artisti, Sumqayıt Dövlət Dram Teatrının baş rejissoru Firudin Məhərrəmov, quruluşçu rejissoru Fuad Cavadzadə, quruluşçu rəssamı Nizami Dadaşov, musiqi tərtibatçısı isə sənətşünaslıq üzrə fəlsəfə doktoru Telman Qəniyevdir. Qrafik işlərini isə Sahil Nəzərov hazırlayıb.
Rollarda Əməkdar artist Elmira Kərimova, aktyorlar Habil Xanlarov, Şəmistan Süleymanlı, Məryəm Hüseynli, Elay Xasıyev, Siyavuş Mahmudov, Akif Mirzəyev, Kamran Muradlı, Ramazan Xanlarov, Etibar Əmirov və Əmrah Cəbiyev çıxış ediblər.
Tamaşa 44 günlük Vətən müharibəsində əldə etdiyimiz qələbəyə, şəhidlərimizin əziz ruhlarına, müharibə veteranlarına və qazilərimizə ithaf olunub.