Daşınmaz əmlak alqı-satqısında hüquqi risklər-Hüquqşünas AÇIQLAYIR

Bölmə: Sosial › ,
Tarix: 20:15 28.01.2025

"Çıxarış daşınmaz əmlakın hüquqi statusunu təsdiqləyən sənəddir və onsuz əmlakın alınması böyük risk daşıyır".

 

Bu sözləri "informator.az"a açıqlamasında hüquqşünas Əkrəm Həsənov söyləyib. Ekspert əmlak alqı-satqısı zamanı vətəndaşların diqqət yetirməli olduğu hüquqi məsələlərdən də bəhs edib:

 

"İlk növbədə, alqı-satqı predmeti olan əmlakın dövlət reyestrindən çıxarışı olmalıdır. Çıxarışın olmaması halında dövlət həmin əmlakı qanunsuz hesab edə bilər. Bundan başqa, yeni tikililərdə çıxarışsız əmlakların eyni anda bir neçə şəxsə satılması halları mövcuddur ki, bu da ciddi hüquqi problemlərə yol aça bilər. Alqı-satqı prosesində diqqət yetirilməli ikinci məsələ ödənişin tam şəkildə rəsmi olaraq həyata keçirilməsidir. Bəzi hallarda tərəflər ödənilən məbləğin faktiki dəyərindən az yazılmasını təklif edirlər. Bunun səbəbi bank və ya notarius xərclərini azaltmaq istəyi ola bilər. Lakin bu, hüquqi risklərə səbəb ola bilər. Əgər müqavilə hər hansı səbəbdən etibarsız elan edilərsə, qarşı tərəf yalnız müqavilədə qeyd olunan məbləği geri qaytara bilər. Bu baxımdan, ödəniş tam və rəsmi şəkildə sənədləşdirilməlidir. Üçüncü əsas məqam müqavilə şərtlərinin diqqətlə oxunmasıdır. Alqı-satqı zamanı əmlakın hüquqi vəziyyətini təsdiq edən sənədlərə, o cümlədən, “Forma 1” sənədinə xüsusi diqqət yetirilməlidir. Bu sənəd əmlakın girovda və ya hər hansı məhkəmə həbsində olmadığını təsdiqləyir".

 

Əkrəm Həsənovun sözlərinə görə, hüquqi problemlər yarandıqda məhkəmə mübahisələrinin həlli mürəkkəb və vaxt aparan prosesdir:

 

"Xüsusilə, çıxarışı olmayan əmlaklarla bağlı işlərdə qərarların ədalətli şəkildə qəbul edilməsi çətinləşir. Azərbaycanda alternativ mübahisə həlli mexanizmləri, məsələn, mediasiya, bu sahədə çox da təsirli deyil. Ümumilikdə, daşınmaz əmlakın alqı-satqısı zamanı bütün hüquqi risklər nəzərə alınmalı və sənədləşmə qaydalarına ciddi riayət edilməlidir".

 

Fatimə Abdulrəhimli