Vegetarianlar və veganlar arasındakı fərqliliklər

Bölmə: Sosial › ,
Tarix: 21:09 28.01.2025

“Ümumiyyətlə, vegetarian sözünün mənası sağlam qidalanma, sağlam həyat tərzi deməkdir”.

 

Bu sözləri dietoloq-terapevt Ləman Süleymanova “İnformator.az”a açıqlamasında deyib.

 

O qeyd edib ki, vegetarianlığın da bir neçə növü var:

 

“Veganların xüsusi həyat prinsipi vardır, onlar vegetarianlardan fərqli olaraq, bütün heyvan mənşəli qidaları nəinki istifadə etmirlər, hətta geyindikləri geyimlərdə, istifadə etdikləri məişət əşyalarında belə heyvanlara aid heç bir maddə olmamalıdır. Çünki onların heyvanlara olan sevgisi o qədər böyük olur ki, ümumiyyətlə onlar geyimlərində heyvan mənşəli maddələrdən istifadə etmirlər, imtina edirlər. Hətta veganların standartlarına cavab verən xüsusi cəmiyyətlər də var ki, onların ticarət üçün xüsusi bir loqotip yerləşdirmək hüququ vardır”.

 

Müsahibimizin sözlərinə görə, vegetarianlar  veganlardan fərqli olaraq əti qida rasionundan çıxarsalar da, balıq, süd məhsulları, yumurta istifadə edirlər:

 

“Süd məhsullarından istifadə edənlər lakto vegetarianlar adlanır. Yumurtadan istifadə edənlər ovo-laktovegetarian adlanır. Belə vegetarianlara tam heyvansevər demək olmaz, onlar balıq ətindən, ağ ətdən istifadə edərək orqanizm üçün əsas olan proteinləri az da olsa mənimsəyirlər. Araşdırmalara görə, veganlar arasında anemiyadan əziyyət çəkənlər daha çoxdur və onların xərçəng xəstəliyinə yaxalanma riski yüksəkdir. Veganların həyat keyfiyyəti olduqca aşağı olur, gün ərzində halsız və yorğun olurlar, vitamin çatışmamazlığından əziyyət çəkirlər. Bitki mənşəli zülallar daim rasionda olsa belə, yenə də onlarda həyat qabiliyyəti çox aşağı olur, ciddi qan azlığından əziyyət çəkirlər. Bitki mənşəli zülalların keyfiyyəti çox yüksəkdir. Amma insan daim bu kimi qidalarla qidalana bilməz, daimi istifadə hətta müəyyən xəstəliklərə gətirib çıxara bilər. Çünki bizim orqanizmimizin aktiv olması üçün, vitamin, mineral, zülal, yağ mütləq vacibdir. Orqanizm təkcə bitki mənşəli zülal deyil, həmçinin heyvan mənşəli zülal da tələb edir. Veganlar əti qida rasionundan çıxardıqları üçün aktiv işlə məşğul ola bilmirlər, dayanıqlılıqları olmur. Onlarda daim baş ağrıları və halsızlıq olur, təzyiq aşağı olur, hipotonik olurlar. Bəzən 35 yaşdan sonra hipotoniklik hipertonikliyə çevrilir. Vegan olan kişilərdə həyat tonusu o qədər aşağı olur ki, bu ürək-damar xəstəliyinə belə gətirib çıxara bilir. Ümumi götürsək, belə insanlarda mədə-bağırsaq xəstəlikləri özünü göstərir".

 

Dietoloq sözlərində qeyd edib ki, bir mütəxəssis kimi, ət məhsullarından az da olsa istifadə edən vegetarianları ən sağlam qidalanan insanlar kimi qiymətləndirirəm:

 

" Çünki qida rasionunda az da olsa, heyvani mənşəli qidalar olur. Vegetarianlar arasında məşhur şəxslər də olub, bunlardan biri də Albert Eynşteyndir. O, elmi fəaliyyətlə məşğul olduğu üçün normal şəkildə qidalanırdı, heyvansevər olduğuna görə müəyyən ağır ətləri rasionunda istifadə etmirdi, amma 1945-ci ildən sonra vegetarianlıqdan veganlığa keçid edir. Və o səbəbdən də, 1945-ci ildən sonra onun həyat keyfiyyəti azalır, müəyyən xəstəliklərdən əziyyət çəkməyə başlayıb”.

 

Nərmin Həşimova