Niyə internetdə Azərbaycan dilində məlumat qıtlığı var?

Bölmə: Sosial › ,
Tarix: 21:33 28.01.2025

Məlumat əldə etmək, araşdırmalar aparmaq və ünsiyyət qurmaq üçün ilk müraciət etdiyimiz mənbə axtarış motorları və sosial şəbəkələrdir. Amma tez-tez qarşılaşdığımız bir problem var. Azərbaycan dilində informasiya ya çox azdır, ya da ümumiyyətlə yoxdur. İnternetdə Azərbaycan dilində məlumat qıtlığı var.

 

Bəs internetdə Azərbaycan dilində məlumatların az olmasının əsas səbəbləri nələrdir?

 

Məsələ ilə bağlı "informator.az"a danışan marketoloq Marat Namazov bildirib ki, Azərbaycanın texnoloji sahədə irəliləyişi digər ölkələrlə müqayisədə daha gec başladığı üçün internetdə kontent yaratma mədəniyyəti də nisbətən gec formalaşıb:

 

"Bizim cəmiyyətdə internetin əsasən əyləncə və sosial media platformalarından istifadəsi geniş yayılıb. Maarifləndirici və akademik kontent yaratmaq üçün təşəbbüs göstərən insanların sayı azdır.

Azərbaycan dili nisbətən az danışılan dildir və beynəlxalq miqyasda geniş istifadə olunmadığı üçün qlobal internet platformalarında prioritet dillərdən biri deyil. Bu da kontent yaradan alətlərin və resursların Azərbaycan dilində məhdud olmasına səbəb olur.

Azərbaycan dilində kontent yaradaraq pul qazanmaq digər dillərlə müqayisədə daha çətin olduğu üçün insanlar daha çox rus və ya ingilis dillərində kontent istehsalına üstünlük verirlər".

 

Müsahibimiz qeyd edib ki, bundan əlavə gənclər arasında maarifləndirici kontent yaratmaq yerinə sosial mediada qısa müddətli diqqət cəlb edən kontent yaratmağa üstünlük verilir:

 

"Bu da uzunmüddətli və faydalı məlumat mənbələrinin azlığına səbəb olur. 

Bu problemlərin aradan qaldırılması üçün dövlət, özəl sektor və fərdlərin birlikdə addımlar atması, kontent yaratma mədəniyyətinin təşviq olunması və rəqəmsallaşma proseslərinin sürətləndirilməsi vacibdir".

 

Mehriban Nəsibova