Dərmanların saxlanma və istifadəsi ilə bağlı vacib məqamlar

Tarix: 22:09 28.01.2025
Tibb üzrə ekspert Şahvələd Məmmədov dərmanların düzgün saxlanma şəraiti, istifadə qaydaları və özünümüalicənin yaratdığı risklərlə bağlı “informator.az”a açıqlama verib. Onun sözlərinə görə, dərmanların saxlanma şəraiti onların effektivliyinə birbaşa təsir göstərir və bu məsələdə müəyyən standartlar mövcuddur:
“Dərmanlar saxlanılarkən apteklərdə günəş şüalarının birbaşa təsirindən qorunur. Soyuducuda saxlanılması tələb olunan dərmanlar, xüsusən şam şəklində olanlar, müsbət 2-8 dərəcə arasında saxlanılmalıdır. Bu qaydalara əməl olunması dərmanların keyfiyyətinin qorunması üçün vacibdir. Bəzən 1-2 gün müddəti keçmiş dərmanların zəhərlənməyə səbəb olacağından ehtiyat edilir. Əslində, bu həmişə doğru deyil. Tabletlər və kapsulların bir qismi 1 aydan 3 aya qədər istifadəyə yararlı qala bilər. Amma siroplar və ya su əsaslı dərmanlar son istifadə tarixinə qədər qəbul olunmalıdır. Buna baxmayaraq, dərmanın üzərində göstərilən tarixə ciddi əməl olunması daha yaxşıdır”.
Şahvələd Məmmədov vurğulayıb ki, özünümüalicə Azərbaycanda ciddi bir problem olaraq qalır:
“Xüsusilə, virus infeksiyalarının geniş yayıldığı dövrdə insanlar özbaşına müxtəlif dərmanlar qəbul etməyə meyillidir. Məsələn, nimesil, qripot kimi preparatlar bəzən mədə-bağırsaq problemlərinə səbəb ola bilər. Əgər xəstənin mədə problemi varsa, bu dərmanlar ciddi qanaxmalara gətirib çıxara bilər. Bütün hallarda şikayətlər olduqda mütləq həkimə müraciət edilməlidir. İnsanlar əczaçılarla məsləhətləşərək dərman qəbul etməyə üstünlük verir. Lakin bəzi hallarda əczaçıların savadsızlığı səbəbindən xəstələrin sağlamlığında ciddi problemlər ortaya çıxır. Düzgün diaqnoz qoyulmadan heç bir dərman istifadəsi tövsiyə edilmir. İstənilən halda, xəstəliyin gedişatını düzgün qiymətləndirmək və müalicəni həkim nəzarəti altında aparmaq daha məqsədəuyğundur”.
Asiya Zeynallı