Adı Stadionda Yaşayan Hakim – Tofiq Bəhrəmov

Tarix: 15:10 29.01.2025
Bu gün əfsanəvi futbol hakimi Tofiq Bəhrəmovun anadan olmasından 100 il ötür.
Futbol yalnız oyundan ibarət deyil, həm də,bir millətin tarixini və xəyallarını əks etdirən bir sənətdir. Tofiq Bəhrəmov isə bu sənətkarlığı ilə futbolun yalnız texniki deyil, həm də mənəvi təməlini qurdu. O, dünyanın hər yerində, hər bir oyununda ədaləti simvolizə edən bir ad olaraq qalmağı bacardı.
Tofiq Bəhrəmov 1925-ci ilin 29 yanvarında anadan olub və futbol karyerası boyunca çoxsaylı uğurlara imza atıb. Tofiq Bəhramov futbolçu karyerasına 1940-cı ildə başlayıb. O, əvvəlcə “Spartak”ın gənclərdən ibarət komandasında çıxış edib, sonra isə “Neftyanik”ə dəvət olunub. Lakin, ayağından aldığı zədə nəticəsində futbolçu karyerasına erkən yaşda son qoyub. 1951-ci ildən SSRİ çempionatının oyunlarına təyinat alan azərbaycanlı hakim, 1964-cü ildən isə beynəlxalq oyunları idarə etmək hüququ qazanıb. Tofiq Bəhramov idman tarixinə keçmiş SSRİ-dən beynəlxalq çempionatları idarə edən ilk hakim kimi düşüb. Bəhramov keçmiş SSRİ-də avrokubokların finalında hakimlik edən ilk referi kimi də tarixə düşüb. Bundan başqa, azərbaycanlı hakim 1972-ci ildə qitələrarası kubokun finalını idarə edib.
Tofiq Bəhrəmov 1966-cı ildəki məşhur Dünya Çempionatının Almaniya-İngiltərə milliləri arasında baş tutan final oyunundakı qarşılaşmada baş hakim olaraq iştirak edib. Həmin oyunda Cefri Herstin mübahisəli qolunu qeydə alan Tofiq Bəhramovun qərarının doğru olduğunu sonradan bütün dünya bilib. O vaxtdan etibarən, Tofiq Bəhrəmov adı dünyanın ən böyük idman arenalarında hörmətlə anılmağa başlanıldı.
Həmin ərəfədə “Qızıl fit”lə yalnız baş hakimlər təltif olunurdu. Tofiq Bəhramov bu qarşılaşmada laynsman funksiyasını yerinə yetirsə də, Britaniya kraliçası “Qızıl fit”i və “Qızıl ilahə”nin kiçik modelini Bəhrəmova təqdim edib.
Tofiq Bəhrəmov, həmçinin 1970-ci il dünya çempionatında da hakim kimi futbol meydançasına çıxıb. Ən əsası isə əfsanəvi yarış sayılan Braziliya-Uruqvay yarımfinal yarışını idarə edib.
Əfsanəvi azərbaycanlı futbol hakiminin haqqında sənədli film də çəkilib, ingilis yazıçısı Artur Hopkraft özünün ən məşhur “Futbol adamı” kitabını Tofiq Bəhrəmova həsr edib.
Onun xatirəsini əbədiləşdirmək üçün filmlər çəkilib, kitablar, məqalələr yazılıb. Adına küçə salınıb, həmçinin adı stadiona verilən ilk hakim olub.
1951-ci ildə inşa edilən “Respublika Stadionu” o zaman xalqların rəhbəri sayılan Stalinin şərəfinə qurulub. Stadion sonralar Leninin adını belə daşıyıb. 1993-cü ildə dünya şöhrətli hakim Tofiq Bəhramov dünyasını dəyişəndən sonra stadion onun adını daşımağa başlayıb.
Tofiq Bəhrəmovun adı artıq təkcə stadionlarda deyil, adını daşıyan bir stadionun timsalında, zamanın qızıl hərfləri ilə tarixə yazıldı.
Tofiq Bəhrəmovun həyatı, bir insanın öz peşəsinə necə bağlana biləcəyini, idman dünyasının bütün çətinliklərini necə aşaraq zirvəyə çıxa biləcəyini göstərən ən parlaq nümunədir. Onun uğurları, hər kəsə göstərdi ki, ən çətin anlarda belə, ədalət və dürüstlükdən əl çəkməmək, ən böyük qələbədir.
Bu gün, Tofiq Bəhrəmovun adı, stadionların divarlarında, futbol sahələrində, hətta qəlblərdə əbədi yaşayır. Onun mübarizəsi, Azərbaycan idmanının ən qiymətli sərvətlərindən birinə çevrilib. Tofiq Bəhrəmov, bu 100 ildə, yaddaşlarda yalnız futbolun deyil, bütün idman aləminin ədalət və sədaqətin ən böyük təmsilçisi olaraq qalmağı bacardı.
Azərbaycan və dünya futbolunda unudulmaz xidmətləri olan, ədalətli hakim olaraq adını qızıl hərflərlə tarixə yazmağı bacaran Tofiq Bəhramov 1993-cü il martın 26-da dünyasını dəyişib.
Aytac Mustafayeva