Əvvəllər qeydə alınıb, amma indi görünməyən təbiət hadisələri-Unudulmuş hava fenomenləri
Bölmə: Sosial › ,Tarix: 21:16 03.02.2025
Tarix boyu insanlar müxtəlif hava hadisələrini müşahidə ediblər. Bəziləri dövri olaraq baş versə də, elə fenomenlər var ki, uzun illərdir görünmür və ya çox nadir hallarda rast gəlinir.
Mövzu ilə bağlı ekoloq Qorxmaz İbrahimli "informator.az"a açıqlamasında bildirib ki, bəzi nadir hava hadisələri də var ki, zaman-zaman qeydə alınır, lakin davamlı baş vermədiyi üçün unudulur:
"Keçmişdə qeydə alınsa da, indi müşahidə edilməyən hava fenomenləri insanları həmişə maraqlandırıb. Amma bunun keçmişinə döndükdə cahilliyə gedib çıxacaq bir şeylədir. Əvvəllər təbiət hadisələri elmi əsaslarla izah edilmədiyi üçün insanlar onları mistik və ya dini inanclara bağlayırdılar. Məsələn, 300-400 il bundan əvvəl olan hadisəni deyək, uzun sürən quraqlıq zamanı dua edirdilər və yağış yağanda bunu duaların təsiri kimi qiymətləndirirdilər. Gerçəkdən bunu hesab edirdilər ki dua ilə bağlı oldu.Halbuki bu, hava sikllərinin təbii bir hissəsi idi.
"Məsələn, göydən qurbağa və ya balıq yağması kimi hadisələr kiçik tornado və ya güclü burulğan nəticəsində su hövzələrindən canlıların havaya qalxması və uzaq məsafələrə daşınması ilə izah olunur. Həmçinin toz fırtınaları da müəyyən illərdə daha çox müşahidə olunur, sonra bir müddət səngiyir, lakin bu onların yox olması demək deyil. Tornadolar əsasən Şimali Amerikada baş versə də müəyyən şəraitdə digər bölgələrdə də yarana bilər. Məsələn, Ukraynada nadir hallarda belə hadisələr qeydə alınıb. Havanın rütubəti, temperatur fərqləri və digər amillər uyğun gəldikdə, tornado istənilən yerdə əmələ gələ bilər”.
Müsahib bildirib ki, bu gün meteorologiya və astronomiya elmləri o qədər inkişaf edib ki, demək olar ki bütün hava hadisələri qeydə alınır:
"Süni peyklər, teleskoplar və hava müşahidə cihazları sayəsində yer kürəsinə yaxınlaşan meteoritlər belə əvvəlcədən müəyyən edilir. Keçmişdə dinozavrları məhv edən meteorların bu gün də yerə düşməsi mümkündür, lakin inkişaf etmiş texnologiyalar onları izləməyə və zərərsizləşdirməyə imkan verir. Məsələn, bəziləri atmosferdə karbon dioksid səviyyəsinin iqlimə təsirini şişirdilmiş hesab edir. Lakin elm inkişaf etdikcə bu kimi məsələlər daha dəqiq izah olunur. Ümumiyyətlə, "unudulmuş hava fenomenləri" anlayışı nisbidir. Əgər bir hadisə elmi cəhətdən qeydə alınıbsa, o unudulmuş deyil. Sadəcə müəyyən dövrlərdə baş vermədiyi üçün diqqətdən kənarda qala bilər. Meteorologiya və digər müvafiq sahələrdə bütün hadisələr arxivləşdirilir və lazım gəldikdə isə yenidən təhlil edilir”.
Aydan Quliyeva
Dövlət Komitəsi keçmiş məcburi köçkünlər üçün “Böyük Qayıdış: Təhlükəsiz həyat və məşğulluq” adlı maarifləndirmə tədbiri keçirilib.