Yunanıstanda böyük qaçış!

Bölmə: Dünya › ,
Tarix: 18:38 04.02.2025

Egey dənizində 1 həftə ərzində 400-dən çox zəlzələ baş verdikdən sonra Yunanıstan həyəcan təbili çaldı. Xüsusilə Santorini adasını insanlar tərk etməyə başlayarkən, 1956-cı ildə 7.3 bal gücündə zəlzələyə səbəb olan 20 kilometr uzunluğundakı fayın yenidən aktivləşdiyi açıqlandı.

 

Yunanıstanın turizm adası Santorini sahillərində şənbə günündən bu yana 200-dən çox zəlzələ qeydə alınarkən, torpaq sürüşmələri baş verib. Təkanlar səbəbilə çox sayda sakin adanı tərk edir.

 

İnsanlar Santorini adasını tərk edir

 

Rəsmilərin təkanların vulkanik fəaliyyətlə bağlı olmadığını bildirməsinə baxmayaraq, güclü bir zəlzələnin olacağından qorxan yerli sakinlər evlərini tərk edərək gecəni açıq havada keçirirlər. Çox sayda insan paytaxt Afina istiqamətində yola düşmək üçün terminallara və Santorini limanına axışıb. Bölgədə təhsilə cümə gününə qədər fasilə verilib.

 

Görüntülər narahatlıq doğurur

 

Santorini adasından gələn son görüntülər ada sakinlərinin yaşadığı qorxunu əks etdirir. Kaldera bölgəsindən gələn görüntülərdə daşların və kiçik qayaların yerindən tərpənərək toz buludu yaratdığı müşahidə edilib.

 

Üç limana giriş qadağan edildi

 

Yunanıstanın İqlim Böhranı, Dəyişikliyi və Mülki Müdafiə Nazirliyi yeni açıqlama verərək İos, Amorgos, Santorini və Anafi sakinlərini xəbərdar edib. Santorini sakinlərinə 112 təcili yardım nömrəsindən göndərilən mesajda torpaq sürüşməsi riski səbəbindən Ammoudi, Armeni və Köhnə Fira limanlarına girişin qadağan edildiyi bildirilib. Sismik Risk Dəyərləndirmə Komitəsi vəziyyəti qiymətləndirmək üçün gün ərzində daha bir toplantı keçirməyi planlaşdırır.

 

Mənbə: Haberler

Aygün Babayeva