ABŞ-Meksika sərhədində 10 min milli qvardiya əsgəri yerləşdiriləcək

Bölmə: Dünya › ,
Tarix: 18:50 04.02.2025

Meksika prezidenti Klaudiya Şeynbaum ABŞ-a narkotik qaçaqmalçılığının qarşısını almaq üçün 10 min milli qvardiya əsgərinin ABŞ-Meksika sərhədinə yerləşdiriləcəyini bildirib.

 

Meksika prezidenti Klaudiya Şeynbaumla Donald Tramp arasında telefon danışığı olub. Telefon danışığından sonra Şeynbaum ABŞ-Meksika sərhədində 10 min milli mühafizəçinin yerləşdiriləcəyini və bunun müqabilində ABŞ-nin Meksikaya müasir silahların qaçaqmalçılığının qarşısını alacağını açıqlayıb. İkitərəfli görüş zamanı gömrük rüsumlarının 1 ay müddətinə dondurulması da qərara alınıb.

 

ABŞ prezidenti Donald Tramp fevralın 1-dən Meksikaya tətbiq edilən gömrük rüsumu ilə bağlı sosial media hesabından açıqlama verib. Tramp Meksika prezidenti Klaudiya Şeynbaumla telefon danışığının çox yaxşı keçdiyini və sərhəd təhlükəsizliyi mövzusunda qarşılıqlı razılığa gəldiklərini bildirib. Tramp açıqlamasında deyib: “Biz indicə prezident Şeynbaumla çox mehriban görüş keçirdik. Sheinbaum dərhal Meksika və ABŞ-ı ayıran sərhədə 10.000 əsgər göndərməyə razılaşdı. Biz həmçinin danışıqlar aparacağımız bir aylıq dövr üçün nəzərdə tutulan gömrük rüsumlarını dərhal dayandırmağa razılaşdıq”, - o deyib. Tramp bu addımın fentanil və qeyri-qanuni mühacirlərin ABŞ-a keçidinin qarşısını alacağını qeyd edərək, Meksika ilə ticarət danışıqlarını səbirsizliklə gözlədiyini bildirib.


Mənbə: CNN Türk

Kəmalə Vəliyeva