Qiymətli daşlar: Mirvarilərin xüsusi yeri
![](/sekil.php?w=450&h=0&zc=1&src=/upload//202502/1752356_3.jpg)
Tarix: 18:12 07.02.2025
“Qiymətli daşlar nadirliyi, estetik gözəlliyi və yüksək dəyəri ilə seçilən minerallardır.
Yarıqiymətli daşlar isə qiymətli daşlardan daha geniş yayılan və daha əlçatan minerallardır”.
Bu sözləri “Qiymətli metallar və qiymətli daşlar” standartlaşdırma üzrə Texniki Komitənin sədri Rövşən Əmircanov “İnformator.az”a açıqlamasında deyib.
O qeyd edib ki, 2021-ci ildən etibarən Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin tabeliyində olan Azərbaycan Standartlaşdırma İnstitutunun təsis etdiyi "Qiymətli metallar və qiymətli daşlar" üzrə Texniki Komitənin qəbul etdiyi dövlət standartları arasında brilyantlar və digər qiymətli daşlara aid standartlar da mövcuddur:
“Bu standartlar qiymətli daşların təsnifatı, keyfiyyət göstəriciləri, dəyərləndirilməsi və ticarət qaydalarını müəyyən edir. Bu yanaşma bazarda şəffaflığın və etibarlılığın artırılmasına, eləcə də istehlakçıların keyfiyyətli və sertifikatlaşdırılmış məhsullara çıxışının təmin edilməsinə xidmət edir”.
Müsahib qiymətli daşlar arasında xüsusi yer tutan mirvarilər haqqda da məlumat verərək, fikirlərini bizimlə paylaşdı:
“Mirvarilər əsrlər boyu qiymətli zinət əşyaları kimi istifadə edilib, müxtəlif mədəniyyətlərdə zəriflik, zənginlik və status simvolu hesab olunub. Digər qiymətli daşlardan fərqli olaraq, mirvarilər yerin dərinliklərində deyil, canlı orqanizmlərin – dəniz və şirin su molyuskalarının tərkibində yaranan mineraloidlərdir. Canlı orqanizmlərdən yaranan yeganə qiymətli daş hesab olunan mirvarilər, insan müdaxiləsi olmadan, tamamilə təbii proses nəticəsində molyuskaların daxilində formalaşır. Nadir rast gəlindiyi üçün qiymətli daşlar arasında xüsusi yer tutur və bazarda yüksək dəyərə malik olur.
Dünyanın ən nadir mirvariləri sırasında Cənub Dənizi mirvarisi xüsusi yer tutur. Avstraliya, Filippin və İndoneziya sularında rast gəlinən bu mirvarilər iri ölçüləri və unikal qızılı çalarları ilə seçilir. Tahiti mirvariləri isə qara, yaşıl və bənövşəyi çalarlara malik olub, əsasən Fransız Polineziyasında yetişir. Akoya mirvariləri kiçik ölçüsü və möhtəşəm parıltısı ilə seçilir və əsasən Yaponiya və Çində yetişdirilir. Mirvarilər təbii və kultivasiya olunan olmaqla iki əsas kateqoriyaya bölünür. Təbii mirvarilər tamamilə təbii proses nəticəsində yaranır, qeyri-müntəzəm formaya malik olur və daha nadir tapıldığı üçün qiyməti yüksəkdir.
Kultivasiya olunan mirvarilər isə insan müdaxiləsi ilə molyuskaların içinə xüsusi nüvələrin yerləşdirilməsi nəticəsində yetişdirilir. Bu üsul əsasən Yaponiya, Çin və Cənub-Şərqi Asiya ölkələrində geniş yayılıb. Kultivasiya olunan mirvarilər təbii mirvarilərdən daha simmetrik forma və daha vahid səthə malik olması ilə fərqlənir”.
Müsahibimizin sözlərinə görə, hazırda dünya bazarında mövcud mirvarilərin 99%-i süni yolla yetişdirilir:
“Dünyanın müxtəlif bölgələrində müxtəlif növ mirvarilər rast gəlinir. Dəniz mirvariləri əsasən Qırmızı dəniz, Fars körfəzi, Şri-Lanka və Yaponiya sahillərində çıxarılır. Şirin su mirvariləri Almaniya, Rusiya, Çin və Şimali Amerika ölkələrində yetişdirilir. Cənub Dənizi mirvarisi isə dünyanın ən nadir və ən gözəl mirvarilərindən biri olub, Avstraliya və Sakit Okeanın cənub bölgələrində rast gəlinir. Mirvarilər molyuskaların qabığında yad cisimlərə qarşı müdafiə mexanizmi kimi formalaşır və böyümə prosesi bir neçə ildən çox çəkə bilər. Orta ölçülü bir mirvarinin formalaşması təxminən beş il davam edir və hazırda bazarda olan mirvarilərin əksəriyyəti mirvari fermalarında yetişdirilir.
Mirvarilər rəng, parıltı, forma və ölçüyə görə fərqlənir. Əsasən ağ, fil sümüyü, çəhrayı, qara, bənövşəyi və qızılı çalarlarda rast gəlinir. Ancaq 13 500 mirvaridən yalnız biri çəhrayı rəngdə olur. Təbii və süni mirvariləri ayırd etmək üçün bir neçə əsas üsul mövcuddur. Təbii mirvarilər toxunduqda həmişə soyuq qalır və bədən temperaturuna uyğunlaşmır. Əgər təbii mirvari bir neçə dəqiqə atəşə tutulsa, əriyib dəyişmir. Süni mirvarinin yaradılması Kokichi Mikimoto adlı yapon sahibkarın adı ilə bağlıdır. O, 1878-ci ildə mirvarini molyuskaların içində yetişdirməyə başlayıb.
Azərbaycanda da mirvari qədimdən bəri zərgərlik sənayesində geniş istifadə olunan qiymətli daşlardan biri olub. Tarix boyu Azərbaycan zərgərləri mirvaridən hazırlanan bəzək əşyalarına üstünlük verib, onu qızıl və gümüşlə birləşdirərək zərif sənət nümunələri yaradıblar. Bu gün də mirvari zinət əşyalarının etibarlı mənbələrdən alınması və hər bir mirvari məhsulunun keyfiyyət sertifikatı və ya pasportu ilə əldə olunması vacibdir”.
Nərmin Həşimova