Azadlıqdan Sonra Yeni Cəmiyyətə Uyğunlaşma-Həbsxana Sosiologiyası
![](/sekil.php?w=450&h=0&zc=1&src=/upload//202502/7910324_.jpeg)
Tarix: 19:43 07.02.2025
Azadlığa çıxan şəxslərin cəmiyyətə yenidən uyğunlaşması təkcə onların fərdi iradəsindən asılı deyil, eyni zamanda cəmiyyətin onlara münasibəti və sosial institutların bu prosesə verdiyi dəstək də böyük rol oynayır.
Mövzu ilə bağlı sosioloq Məhbubə Mehdiyeva "informator.az"a açıqlamasında bildirib ki, cəmiyyətin hər bir üzvü müxtəlif hadisələrlə qarşılaşa bilər və bəzən insanın öz iradəsindən asılı olmayaraq səhvlər etməsi mümkündür:
"Avtoqəzalar, diqqətsizlik və ya digər səbəblər insanın həbs həyatı ilə qarşılaşmasına gətirib çıxara bilər. Həbsxanalar nəzəri olaraq insanların islah olunması və cəmiyyətə yenidən inteqrasiya etməsi üçün mövcud olsa da, məhkəmə prosesində insan çox vaxt emosional və stressli vəziyyətdə olur, bu isə obyektiv qərarlar verməsini çətinləşdirir. Bir çox keçmiş məhkum bu müddət ərzində səhvlərinin nəticələrini anlayır, daha güclü və həyata daha davamlı olur. Lakin həbsdən sonra onların cəmiyyətə adaptasiyası ciddi çətinliklərlə müşayiət olunur. Cəmiyyətdə keçmiş məhkumlarla bağlı mənfi stereotiplər var, bu da onların iş tapmasını və sosial həyata qayıtmasını çətinləşdirir. Halbuki həbsdən çıxmış şəxslərin yenidən cinayətə yönəlməsinin qarşısını almağın ən effektiv yollarından biri onların cəmiyyətə uğurlu inteqrasiyasını təmin etməkdir".
O bildirib ki, bu məsələdə qeyri-hökumət təşkilatları və dövlət qurumları vacib rol oynayır:
“Məsələn, İsveçdə bu sahədə geniş miqyaslı proqramlar mövcuddur və keçmiş məhkumların reabilitasiyası və işlə təmin olunması üçün xüsusi dəstək sistemləri yaradılıb. Azərbaycanda da bu sahədə daha çox təşəbbüslərə ehtiyac var. Cəmiyyətin hər bir üzvü keçmiş məhkumların inteqrasiyasına töhfə verməlidir. İş bölgüsü və məşğulluq məsələlərində onlara imkan yaratmaq vacibdir. Təəssüf ki, cəmiyyətin bəzi üzvləri keçmiş məhkumları potensial təhlükə kimi görür. Halbuki, statistik olaraq bu çox aşağı bir faiz təşkil edir. Əgər cəmiyyət onlara sahib çıxarsa, onlar cinayətkar kimi deyil, islah olunmuş fərdlər kimi yenidən cəmiyyətə faydalı ola bilərlər. Keçmiş məhkumlara ikinci şans vermək, onların yeni həyata başlamasına imkan yaratmaq, cəmiyyətin bütövlükdə daha təhlükəsiz və ədalətli olmasına xidmət edir".
Aydan Quliyeva