Novruzun ilk addımı: Su çərşənbəsi

Bölmə: Mədəniyyət › ,
Tarix: 10:29 25.02.2025

Atalarımızdan bizə ötürülən ənənəvi bayramlardan biri də Novruz bayramıdır. Bayramın gəlişindən əvvəl mərhələli şəkildə çərşənbələr qeyd edilir. Bu da Novruz adətlərindəndir. Həmin adətlər Novruzun mərhələləri sayılır və hər çərşənbə özündə müxtəlif ünsürləri əks etdirir. Bura su, od, yel və torpaq daxildir. Hər 4 çərşənbə bir-biri ilə sıx əlaqəlidir.

İlkin mərhələ su çərşənbəsidir. Bu, əsasən fevralın sonu, martın əvvəlinə təsadüf edilir. Yazın gəlişini təsvir edən bu çərşənbədə su ünsürü əsas götürülür. Keçmişdən bu yana xalqımız həmin çərşənbədə su ilə paklanır, suyun şəfalandırıcı olduğuna inanır, bulaqlardan su içir və s. kimi fəaliyyətlər edir. Su çərşənbəsi suyun əhəmiyyətini vurğulayır və bu çərşənbədə insanlar su ilə bağlı adət-ənənələri yerinə yetirir. Dualar edilərək suyun həyatın əsas mənbəyi olduğu göstərilir. Su təbiətin oyanışında ilkin təməl hesab edilir. İnsanlar su çərşənbəsində sağlamlıqlarına dualar edir və su ilə aydınlığa çıxacaqlarına inanırlar. Su və digər çərşənbələrdə müxtəlif növ yemək və şirniyyatlar bişirilərək süfrələrə düzülür. Süfrə başında daim bolluğun və ruzinin olması üçün dualar edilir. Maraqlı ənənəvi oyunlar oynanılır, tonqal qalanaraq çərşənbələr təntənəli və şən keçirilir.
Novruz çərşənbələri təkcə Azərbaycanda deyil, Türkiyənin bəzi bölgələri, Cənubi Qafqaz, Orta Asiya ölkələrində qeyd olunur. Təntənəli və həvəsli şəkildə Azərbaycanda qeyd olunan bütün çərşənbələr hər il yadda qalan olur.  Özbəkistan, Türkmənistan, Qırğızıstan, Türkiyə kimi türk dövlətləri öz adət-ənənələri  ilə hər il Novruz çərşənbələrini qeyd edir. Hətta İranın bəzi bölgələrində fars adət-ənənələrinə əsaslanaraq çərşənbələr fərqli formada keçirilir, dualar oxunur və suyun bolluq rəmzi olduğu vurğulanır.
Ümumiyyətlə su həyatdır və onun önəmi yalnız su çərşənbəsində deyil, daim ön plandadır. İldən-ilə su qıtlığı, içməli su resurslarının azalması, o cümlədən su ilə bağlı qlobal problemlər öz həll yolunu tapır. Su çərşənbəsi təkcə ənənəvi bayram yox, eyni zamanda təbiət və suya olan hörmətin artırılması, suyun mahiyyətini anlamağa çağıran bir mədəniyyətdir.

Nurcan İsmayılova