Ənənəvi xalçaçılıq motivləri

Tarix: 18:46 25.02.2025
Xalçaçılıq Azərbaycanın ən qədim sənətlərindən biridir. Öz ənənə və motivləri ilə digər sənətlərdən fərqlənən xalçaçılığın tarixi olduqca çoxdur. Keçmişdən bu günə kimi xalçaçılıq inkişaf etmiş yeni incəsənət nümunələri yaranıb. Bu da mədəniyyətin və cəmiyyətin inkişafına səbəb olub.
Hər bir xalçanın öz hekayəsi və motivləri mövcuddur. Müxtəlif bölgələri təmsil edən xalçalar həmin əraziyə məxsus olan ənənəvi ornamentlərlə bəzədilir. Təbriz, Quba, Şamaxı, İrəvan, Qarabağ, Naxçıvan və digər bölgələrə xas olan xalçalarda ənənəvi xalçaçılıq motivlərini görmək mümkündür. Xalçaçılıqda istifadə olunan naxışlar, rənglər, iplər və ornamentlər göz oxşayaraq diqqəti cəlb edir. Bitki, çiçək, heyvan, simvolik və simmetrik motivlər xalça üzərində yeniliklər yaradır. Müxtəlif fiqurlar xalçaların qıraq və orta hissəsində yer alaraq xalçaya bəzək verir. Azərbaycan xalçaçılığında daha çox buta ornamenti populyarlıq qazanmış və ənənəyə sadiq qalaraq daim istifadə olunub.
Tarixdən bu günə qədər ənənəvi motivlər özünü hələ də qoruyub saxlayır. Artıq müasir standartlar və texniki avadanlıqlar vasitəsi ilə xalçalar toxunulur və yeni dizaynlar edilir. Nəticədə xalçaçılıq sənəti zənginləşməyə doğru gedir. Bu cür ənənəvi motivlər, rəmz və simvollar təkcə xalça üzərində deyil, müxtəlif sahələrdə tətbiq edilir. İnteryer və qrafik dizayn, moda, dekorasiya, rəsm sahələrində ənənəviliyə rast gəlmək mümkündür. Milli geyimlərə nəzər yetirsək görərik ki, geyimdə müxtəlif buta ornamentləri, xarıbülbül simvolik bəzəyi istifadə olunur. Tarixi yerlərdə interyer dizaynerlər ənənəvi motivlərdən istifadə edərək məkanı dizayn edirlər. Saxsı qablar və digər dekorativ əşyaların üzərində müxtəlif cür bəzəkli milli ornamentlər görmək mümkündür. Dünya rəssamları rəsm tablolarında Azərbaycana məxsus milli ornamentlər və motivlərdən istifadə edir və bununla da mədəniyyətimiz dünyaya tanıdılır. Bütün bu inkişafların əsas səbəbi xalçaçılıq motivlərinin zənginləşməsi və yeni dünyaya uyğunlaşmasıdır.
Ənənəvi xalçaçılıq motivləri hələ də yaşamağa davam edir. Azərbaycan, Türkiyə, İran və digər Orta Asiya ölkələrinin bəzi bölgələrində xalçaçılıq və digər sahələrdə bu cür bəzəklərə rast gəlmək mümkündür. Çünki həmin bölgələrdə xalçaçılıq sənəti mədəni irs kimi qorunub saxlanılır. Bununla yanaşı UNESCO xalçaçılıq sənətini qeyri-maddi mənəvi irs siyahısına daxil edərək onun inkişafı və yenilənməsi üçün layihələr təşkil edir.
Nurcan İsmayılova