Avropa İttifaqı, Ermənistan və Azərbaycan-Münaqişənin yeni mərhələsi

Tarix: 11:21 27.02.2025
Azərbaycan və Avropa İttifaqı arasında əməkdaşlıq mövcuddur, amma bu əməkdaşlığın hərbi və siyasi sahəyə genişlənməsi mümkün deyil.
Bu fikirləri “İnformator.az”a açıqlamasında siyasi şərhçi Əziz Əlibəyli bildirib. Onun sözlərinə görə, Avropanın təklif etdiyi xüsusi maraqlar Azərbaycan üçün uyğun deyil və bu, münasibətlərdə problemlərə yol açıb:
“Misal olaraq, Avropa Şurası Parlament Assambleyasının Azərbaycan mandatını dondurması, Avropa İttifaqının bölgəyə müşahidə missiyasının göndərilməsi və hərbi əsaslı qalıcı nəzarət güclərinin bölgədə yerləşdirilməsi istəyini göstərmək olar. Bu məsələlərin əksəriyyəti isə Vətən müharibəsindən sonra yaranmış vəziyyətlərlə əlaqədardır”.
Ə.Əlibəyli qeyd edir ki, Ermənistanın bu məsələlərdəki mövqeyi, xüsusən də Azərbaycan əleyhinə qəbul edilən qətnamələr, vəziyyəti daha da çətinləşdirib:
“Avropa İttifaqı faktiki olaraq, Ermənistanı dəstəkləyir və antirusiya mövqeyində olduğunu göstərmək üçün belə addımlar atır”.
Şərhçi sonda əlavə edib ki, Ermənistan və Rusiyanın ticarət əlaqələri nəzərə alındıqda, bu ölkənin Rusiyanın çirkli pullarını yuyan bir dövlət kimi fəaliyyət göstərdiyi açıq şəkildə görünür:
“Bu isə, Ermənistan və Rusiyanın ikili münasibətlərinin göstəricisidir. Əslində, məqsəd kənar qüvvələrə qarşı aldadıcı münasibətlər sərgiləməkdir”, - deyə o, yekunlaşdırıb.
Laləzər Məmmədova