Azərbaycanın Avropa Şurasına üzvlük yolu-Status bərpa olunacaqmı?

Bölmə: Siyasət › ,
Tarix: 11:23 27.02.2025

Azərbaycanın Avropa Şurasındakı əvvəlki statusunun qısa müddətdə bərpa olunması vacibdir.


Bu fikirləri “İnformator.az”a açıqlamasında siyasi şərhçi Mübariz Göyüşlü bildirib. Onun sözlərinə görə, Avropa Şurasının Azərbaycana qarşı sərt münasibətinə və siyasi təzyiq kampaniyasına son qoyulmalıdır:
“Azərbaycanın səsvermə hüququ bərpa edilməlidir. Bu məsələlər düzgün şəkildə tənzimlənmədiyi üçün, Avropa Şurası Azərbaycana qarşı siyasi qərəzlə yanaşdığı üçün münasibətlər hələlik dondurulmuş vəziyyətdədir. Azərbaycan Cənubi Qafqazda Avropa Şurası və digər Avropa qurumları ilə sıx əməkdaşlıq edən əsas dövlətlərdən biridir və Avropa Şurası bu barədə düşünməlidir”.


Şərhçi əvvəlki statusun bərpa edilməsinin vacibliyini vurğulayıb:
“Hazırkı vəziyyətin Azərbaycanın imicinə mənfi təsir göstərdiyini düşünmürəm. Əksinə, bu vəziyyət Avropa Şurasının imicinə mənfi təsir göstərir, çünki qurum seçici yanaşır və Azərbaycana qarşı təzyiq kampaniyası həyata keçirir. Bu isə özünü sülh, sabitlik və regional əməkdaşlıq kimi məsələləri əsas prioritet kimi irəli sürən Avropa Şurasının imicinə zərər verir”.


Mübariz Göyüşlü sonda əlavə edib ki, Avropadakı tərəfdaşlarımız bu məsələyə diqqətlə yanaşmalı və Azərbaycanla əvvəlki statusun bərpa olunması üçün addımlar atmalıdır:
“Vəziyyətin düzəlməsi həm Azərbaycanın, həm də Avropa Şurasının xeyrinə olacaq. Hazırda Azərbaycan mövqeyinin bərpası üçün əlindən gələni edir”, - deyə o, yekunlaşdırıb.


Xədicə Bayramlı