Soyuq hava və depressiya-Qışda ruh halını necə qorumaq olar?

Tarix: 11:41 27.02.2025
Qış aylarında, soyuq hava şəraiti bəzi depresiyaya meyilli insanlar üçün daha çətinləşdirici ola bilər.
Bu fikirləri “İnformator.az”a açıqlamasında Ailə və Uşaq psixoloqu Aynur İsmayılova bildirib. Onun sözlərinə görə, belə insanlar motivasiyalarının aşağı olması səbəbi ilə soyuq havanı işlərinin getməyəcəyi bir vəziyyət kimi qəbul edirlər:
“Məsələn, anidən dəyişən hava şəraiti, yağış və qar onların ruh halını pisləşdirə bilər və bəzi hallarda ümidsizlik hissi yarada bilər”.
Psixoloq qeyd edib ki, belə insanlar Azərbaycanda azlıq təşkil edir:
“Lakin, Azərbaycanda bu tip insanlar çox azdır. Soyuq hava, ağacların yaşıl olmaması və fəsil dəyişkənliyi kimi amillər, həssas və depresiyaya meyilli insanlara mənfi təsir göstərə bilər”.
A.İsmayılova, depresiv insanlarla yanaşı, motivasiyası yüksək və planlı insanların da mövcud olduğunu vurğulayıb:
“Depresiyaya meyilli olanlar əksər hallarda öz bacarıqlarının fərqində olmayan insanlardır”.
Psixoloq sonda əlavə edib ki, belə insanlar özlərini bacarıqsız hiss edir və dəyişkən hava şəraiti, sanki onların bacarıqsızlığını sübut edirmiş kimi görünür:
“Lakin, insanlar düşüncələrini dəyişərək, psixoloji motivasiya kurslarına qoşulub və ya həyatlarını daha yaxşı planlayaraq yaşasalar, heç bir hava şəraiti onlara təsir etməz”, - deyə o, yekunlaşdırıb.
Gülxanım Əliyeva