Azərbaycanda kiber hücumlar artır-dövlət qurumları müdafiə taktikalarını gücləndirir

Tarix: 16:06 27.02.2025
Son bir neçə il ərzində Azərbaycana kiber hücumlar həm dövlət qurumlarına, həm biznes sektoru, həm də vətəndaşlara yönəlik kütləvi şəkildə baş verir.
Bu fikirləri “İnformator.az”a açıqlamasında İnformasiya Texnologiyaları üzrə mütəxəssis Elvin Abbasov bildirib:
“Ümumilikdə, vətəndaşlara yönəlmiş hücumların 95%-i kiber dələduzluq istiqamətində, yalnız 5%-i isə hakerlər tərəfindən kənar müdaxilələrlə müşahidə olunur”.
Mütəxəssis qeyd edir ki, özəl sektorda da bu cür hücumlar mövcuddur:
“Universitetlərimizə, informasiya agentliklərimizə və digər özəl sektorlara müxtəlif kiber hücumlar əvvəllər daha çox baş verib. Lakin son bir ildə yalnız bir neçə kiçik hadisə baş verib. Məsələn, universitetlərə, ictimai televiziya və informasiya agentliklərinə müdaxilələr olub və bu resurslar məhdudlaşdırılıb”.
E.Abbasovun sözlərinə görə, dövlət istiqamətində isə Azərbaycanda rəqəmsallaşmanın sürətlə inkişaf etməsi ilə paralel olaraq, dövlət qurumlarına DDOS hücumları artıb:
“Müxtəlif dövlət qurumları müəyyən vaxtlarda intensiv DDOS hücumları ilə qarşılaşır. Bu hücumlar əsasən xarici mənbələrdən həyata keçirilir. Dünyada rəqəmsallaşma sahəsində ən çox inkişaf etmiş ölkələrdən biri Estoniyadır. Burada böyük bir fəlakət yaşanıb - bütün dövlət qurumları eyni anda hakerlər tərəfindən hücuma məruz qalıb və ölkədə 'qırmızı işıq' yandırılıb. Bu, rəqəmsallaşma sahəsində inkişaf etmiş ölkələrdə kiber hücumların nə qədər ciddi olduğunu göstərir”.
Elvin Abbasov sonda əlavə edir ki, Azərbaycanda da belə halların yaşanması gözləniləndir:
“Ancaq yaxşı hal odur ki, Azərbaycanda dövlət qurumları öz rəqəmsal xidmətlərini davamlı olaraq inkişaf etdirir və müdafiələrini gücləndirir. Hətta baş verən hücumların 98%-i uğursuz olur. Kiçik uğur əldə edən hakerlər olsa da, ümumilikdə dövlət qurumları müdafiələrini yaxşı quraraq, məlumatları qorumağı bacarıblar”, - deyə o, yekunlaşdırıb.
Xədicə Kərimli