Azərbaycanda rəqəmsallaşmanın təhlükələri-AÇIQLAMA

Bölmə: Sosial › ,
Tarix: 16:32 27.02.2025

Kiber dələduzluq hallarının artması əslində gözlənilən bir haldır.


Bu fikirləri “İnformator.az”a açıqlamasında İnformasiya Texnologiyaları üzrə mütəxəssis Elvin Abbasov bildirib. Onun sözlərinə görə, indiki dövrdə inkişaf edən bütün ölkələrdə kiber dələduzluq halları geniş şəkildə müşahidə olunur:
"Azərbaycanda da bu problem mövcuddur. Ölkəmizdə rəqəmsallaşma sürətlə inkişaf edir, bank sektoru, dövlət qurumları və digər sahələr rəqəmsal platformalardan fəal istifadə edir. Bu artım cinayətkarları kiber məkanda öz məqsədlərinə çatmağa təşviq edir”.


E.Abbasov qeyd edir ki, kiber dələduzluq hallarının baş verməsində müxtəlif ssenarilər mövcuddur:
"Fərdi məlumatların və dövlət qurumlarındakı vətəndaş məlumatlarının ələ keçirilməsi, həmçinin sosial şəbəkələr üzərindən 'sosial mühəndislik' edilməsi ilə şəxslərin məlumatlarının oğurlanması və vətəndaşların pul vəsaitlərinin dələduzluq yolu ilə ələ keçirilməsi kimi halların artdığı müşahidə olunur”.


E.Abbasov kiber dələduzluq hallarının qarşısını almağın sadə yolları olduğunu vurğulayıb:
"Vətəndaşlar tanımadıqları və az populyar olan proqram təminatlarını telefonlarına yükləməməlidirlər. Həmçinin, tanımadıqları insanlardan gələn videozənglərə, zənglərə və ya birbaşa linklərə klikləməməlidirlər. Əgər vətəndaşlar hansısa məlumata rast gəlsələr, həmin məlumatı müvafiq dövlət qurumunun rəsmi mənbələri ilə dəqiqləşdirməlidirlər, məsələn, qaynar xəttlər və ya rəsmi sosial şəbəkələr vasitəsilə. Bir mühüm məqam da var ki, vətəndaşlar özlərinə aid OTP kodlarını, telefonlarına gələn dördrəqəmli və ya altı rəqəmli kodları heç bir halda qarşı tərəfə ötürməməlidirlər. Hətta bunu polis əməkdaşı və ya digər güc strukturu nümayəndəsi adı ilə istəsələr belə, OTP kodlarını qarşı tərəfə verməməlidirlər”.


E.Abbasov sonda vurğulayıb:
"Bu kimi hallara diqqət yetirildikdə, kiber dələduzların vətəndaşların pulunu mənimsəməsi və hesablarını ələ keçirməsi mümkün olmayacaq”, - deyə o, yekunlaşdırıb.


Selcan Həsənova