Türk Dövlətləri Birliyində yeni güc mərkəzi-Azərbaycan və Özbəkistan

Bölmə: Siyasət › ,
Tarix: 18:25 27.02.2025

Azərbaycan və Özbəkistan arasındakı müttəfiqlik əlaqələrini həm ikili kontekstdə, həm də Türk Dövlətləri Birliyi çərçivəsində nəzərdən keçirmək vacibdir.


Bu fikirləri “İnformator.az”a açıqlamasında siyasi şərhçi Həşim Səhrablı bildirib:
“Bu iki çərçivə arasındakı ortaq və fərqli məqamları qiymətləndirdikdə, fərq ondan ibarətdir ki, Türk Dövlətləri Birliyi çərçivəsində müəyyən irəliləyişlər əldə edilməyə çalışılsa da, bu birliyin daxilində hər bir dövlətin ikili münasibətləri də mühüm rol oynayır”.


Şərhçi, ikili münasibətlərin zəruriliyindən də bəhs edib:
“İkili münasibətlər o qədər yaxşı qurulmalıdır ki, ayrı-ayrı dövlətlərin bu əlaqələri, nəticə etibarı ilə daha effektiv nəticələr əldə etməyə şərait yaratmalıdır”.


H.Səhrablı münasibətlərdəki oxşarlıqlardan da söz açıb:
“Oxşarlıqlar isə ondan ibarətdir ki, Azərbaycan, Özbəkistan və digər Türk dövlətləri arasındakı ikili münasibətlər, nəticə etibarı ilə dövlətlərin birliyinə və ümumi bir baxış kontekstinə xidmət edir”.


Şərhçinin sözlərinə görə, dünya siyasətinə nəzər saldıqda, artıq fərqli geosiyasi reallıqların formalaşdığını görmək mümkündür:
“Bu reallıqla əlaqədar olaraq müxtəlif regionlarda çaxnaşmalar baş verir, köhnə müttəfiqliklər parçalanmağa doğru gedir, bəzi düşmənçiliklər isə yaxın əlaqələrə çevrilir”.


H.Səhrablı sonda əlavə edir ki, bu dəyişikliklər fonunda Türk dövlətləri yeni siyasətində öz yerini tapmağa çalışır:
“Onlar artıq başqalarının yaratdığı güc mərkəzlərinin bir hissəsi olmaq əvəzinə, öz güc mərkəzlərini quraraq, burada mövqelərini gücləndirməyə çalışırlar. Türk dövlətlərinin, həm ərazisi, həm geosiyasi şəraiti, həm təbii sərvətləri, həm də hərbi gücü yeni güc mərkəzinin formalaşmasına imkan verir. Azərbaycan və Özbəkistan arasındakı əlaqələr də bu istiqamətdə öz həllini tapır”, - deyə o, yekunlaşdırıb.


Rüfət Nəbiyev