Qar və buzla mübarizə-Bakıdakı nəqliyyat problemlərinə həll

Bölmə: Sosial › ,
Tarix: 18:38 27.02.2025

Hava şəraitinin kəskin dəyişməsi ilə bağlı yollarda vəziyyət də dəyişib.


Bu fikirləri “İnformator.az”a açıqlamasında nəqliyyat üzrə ekspert Rauf Ağamirzəyev bildirib:
“Qar və buzlaşma, təmizləmə səviyyəsinin arzuolunan vəziyyətdə olmaması, avtomobillərin və nəqliyyat vasitələrinin qışa hazırlıqlı olmaması qəza risklərini artıraraq müəyyən yerlərdə tıxanmalara səbəb olub”.


Ekspert qeyd edir ki, ictimai nəqliyyatın avtobus seqmenti üzrə hərəkətində də problemlər yaranıb:
“Amma buna rəğmən, metro və dəmiryolunun işində problem yaranmayıb. Düşünürəm ki, biz relsli nəqliyyata daha çox önəm ayırmalıyıq ki, istənilən hava şəraitində bizləri daha etibarlı şəkildə ünvana çatdıra bilsin. Bu zaman isə əsas diqqət təbii olaraq relsli nəqliyyata yönələcək”.


Ekspertin sözlərinə görə, hal belə olduqda, digər növ nəqliyyat vasitələrinə, o cümlədən avtobuslar və taksilərə ehtiyac o qədər də qalmaz:
“Hava şəraiti ilə əlaqədar olaraq, bir çox avtomobillər xəttə çıxmayıb. Çox güman ki, ümumi sayın azalması ilə tələbin artması qiymətlərdə özünü göstərib. Bu da qiymətlərin artımına səbəb olub. Bu məsələ tələb və təklif mexanizminə bağlıdır”.


R.Ağamirzəyev sonda mövcud problemin həlli ilə bağlı fikirlərini əlavə edib:
“Düşünürəm ki, biz insanların hava şəraitindən asılı olmayaraq daşınması ilə bağlı hərəkətliliyi təmin etmək üçün dayanıqlı nəqliyyat növlərinə investisiyaları artırmalıyıq. Artıq bununla bağlı dövlət proqramı elan olunub və düşünürəm ki, diqqətimizi əsasən yükü relsli nəqliyyat növlərinin daşımasına yönəltməliyik. Bunlara metro, tramvay, şəhərətrafı elektrik qatarları aid edilə bilər”, - deyə o, yekunlaşdırıb.


Laləzər Məmmədova