COP29 zamanı Bakıda qəbul edilən qərarlar- Həqiqətən sülh və sabitlik yaradacaqmı?

Tarix: 20:15 27.02.2025
Bakıda keçirilən COP29 zamanı qəbul edilən qərarlar, ilk baxışdan ölkənin ətraf mühit siyasətində dərhal gözə çarpan dəyişikliklər yaratmasa da, daha çox dövlətlərarası tənzimləmələri həll edir.
Bu fikirləri “İnformator.az”a açıqlamasında ekoloq Cəmşid Bəxtiyar bildirib:
“Məsələn, Bakı maliyyə məqsədilə bir qərar qəbul edildi. Burada nəzərdə tutulur ki, 2035-ci ilə qədər hər il inkişaf etməkdə olan ölkələrə ən azı 300 milyard dollar iqlim maliyyəsi təmin edilməlidir”.
Ekoloqun sözlərinə görə, bu, əvvəlki 100 milyardlıq hədəfdən üç dəfə daha çoxdur:
“Artıq bu əhəmiyyətli qərarın icrası başlayıb. Paris Sazişinin 6-cı maddəsinin tam icrası ilə bağlı da bir qərar qəbul edilib”.
Ekoloq bildirir ki, bu maddə çərçivəsində karbon bazarlarının fəaliyyətə başlaması üçün lazımi qaydalar təsdiqləndi:
“Bu maddənin icrasını Bakıda fəaliyyətə başlayan elektrikli nəqliyyat vasitələrində və həmçinin idxal olunan avtomobillərə qoyulan məhdudiyyətlərdə görürük”.
C.Bəxtiyar sonda əlavə edir ki, daha bir qərar isə İtki və Zərər Fondunun institutlaşdırılması ilə bağlı idi:
“Yəni iqlim dəyişikliklərinin təsirinə ən həssas ölkələrə maliyyə yardımı göstərmək məqsədilə yaradılan bir fondan söhbət gedir. Bu fondun tam fəaliyyətə başlaması qərara alındı və 2025-ci ildən layihələrinin maliyyələşdirilməsi planlaşdırılır. Bu qərar beynəlxalq münasibətlərə dair olduğu üçün gündəlik həyatda təsirini dərhal görmürük”, - deyə o, yekunlaşdırıb.
Pünhan Həsənova