Məktəblərdə yığılan pullar nə üçün istifadə olunur?-AÇIQLAMA

Bölmə: Sosial › ,
Tarix: 21:51 27.02.2025

Hər il dövlət büdcəsindən Azərbaycanda fəaliyyət göstərən 4,440-dan çox orta təhsil müəssisəsinə vəsait ayrılır.


Bu fikirləri “İnformator.az”a açıqlamasında təhsil üzrə ekspert Elçin Əfəndi bildirib:
“Bu təhsil müəssisələri arasında tikinti işləri üçün də müəyyən maliyyə vəsaiti ayrılır və həmin vəsaitlə müəyyən işlər aparılır”.


Ekspert qeyd edir ki, əgər məktəbə tikintiyə ehtiyac yaranarsa, həmin məktəbin direktoru Elm və Təhsil Nazirliyinə müraciət etmirsə, nəticədə direktor, özünü sığortalamaq məqsədilə müəllimlərdən pul yığmağa başlayır:
“Yaxud da şagirdlərdən müəyyən ödəniş tələb edir. Təbii ki, bu halların qarşısını almaq üçün vaxtında müraciət olunarsa, dövlət tərəfindən müəyyən yardım tədbirləri görülər. Amma hər hansı təmir-tikinti işlərinə ehtiyacı olmayan məktəb rəhbərliyi pul yığmağa başlayarsa, bu, qanunvericiliyin pozulması və həmin müəllimin öz imkanlarını genişləndirməsi deməkdir”.


E.Əfəndi sonda əlavə edib:
“Hamı nəzərə almalıdır ki, təhsillə rüşvət heç vaxt bir araya gələ bilməz. Belə hallarla rastlaşan vətəndaşlar vaxtında müraciət etməli, qanunlara zidd yanaşan insanlar cəzalarını almalıdırlar”, – deyə o, yekunlaşdırıb.


İbrahim Rzayev