Tünd rənglərin psixologiyaya təsiri

Tarix: 22:10 27.02.2025
Tünd rənglər, insanların psixoloji vəziyyətinə dərin təsir göstərən vizual elementlərdir. Bu tip rənglər, emosional vəziyyətləri gücləndirə, narahatlıq və stress yaratmağa səbəb ola bilər.
Bu mövzu ilə bağlı psixoloq Helin Şadfar "informator.az"a açıqlamasında bildirib ki, tünd rənglər insanların emosional vəziyyətinə fərqli formada təsir edə bilər:
" Ümumiyyətlə, tünd rənglər ağır, ciddi, daha dərin emosionalarla əlaqələndirilir. Bu emosional təsir insanın psixoloji vəziyyətindən, öz təcrübələrindən asılıdır və müxtəlif mədəni mənsubiyyətlərə görə dəyişə bilər. Ümumi olaraq tünd rənglərin təsvirini versək, deyə bilərik ki, qara rəng daha çox güc və hakimiyyət bildirir. Lakin bəzi hallarda isə kədər, həmçinin depressiya ilə də əlaqəli ola bilər. Tünd mavi daha çox sakitləşdirici və etibarlılıq hissini əks etdirir, melonxolik hisslər də yarada bilər. Tünd yaşıl rəngi də ümumiyyətlə yaşıl rəng kimi təbiətlə əlaqələndirilir. Bu rəng sakitlik hissi, sanki balansda olmaq hissi yarada bilir. Bəzi insanlarda isə nostalji və pessimist tərəfi də oyada bilər. Tünd qırmızı və ya bordo rəng daha çox güc, xüsusilə də ehtirasın simvolu kimi qəbul olunur. Bəzi hallarda isə aqressiya, gərginlik, narahatçılıq kimi də təsir edə bilər bu rəng. Daha sonra qəhvəyi tonlar haqqında danışmağa bir yerdə eşitdiyim informasiya ilə başlayım. Bir yerdə eşitdim ki, bu rəng kədərlə simvol olunur, kədər kimi qəbul edilir. Bəzi hallarda isə sakitlik simvolu kimi də qəbul edən insanlar var. Tünd boz rəngi nostalji və stabillik kimi qəbul edilir. Bəzi insanlar üçün cansıxıcı rəng kimi də hesab oluna bilər. Tünd rənglər fərqli insanlarda emosional vəziyyəti insanın şəxsi təcrübəsinə, mədəni mənsubiyyətinə əsasən dəyişə bilir. Yəni, məsələn, qara rəng üçün cəmiyyətimizdə belə bir düşüncə var ki, daha çox matəm və yasla əlaqələndirilir. Hətta belə bir alışqanlıq var ki, qara rəng sadəcə yasda, kimsə rəhmətə gedəndə istifadə oluna bilər. Buna görə belə bir ifadə də var: "Qara günə qalmısan ki, qara geyinirsən". Ona görə bu düşüncədə olan insanlar qaradan qaçırlar. Lakin bu rəngi tam əksinə dəb kimi görüb, geyimlərdə çox istifadə edə bilən insanlar da var. Qərb tərəfdə daha çox matəm kimi qəbul olunur, Şərq ölkələrində isə müdriklik və güc kimi simvol olunur. Eynilə, insanın psixoloji vəziyyəti də bura daxildir. Məsələn, depressiyaya meyilli olan insanlar üçün tünd rənglər daha ağır, boğucu gələ bilər. Lakin düşüncəli insanlar üçün isə ilhamverici, sakitləşdirici bir hiss bəxş edə bilər".
Həmçinin psixoloq bildirib ki, bəzi tünd rənglər ağır, sıxıcı qorxu ilə əlaqələndirilə bilər:
" Məsələn, qara rəng. Baxmayaraq ki, bəzi yerlərdə yaxşı mənada güc, hakimiyyət mənasında istifadə olunsa da, çox istifadə zamanı boğucu bir atmosfer ötürə bilər. Məsələn, bir insan nə qədər qaranı sevsə də, evi tam qara ola bilməz. Yəni, istər-istəməz sıxıla, boğula bilər. Boz rəng isə daha çox neytral, balans rəngi kimi hesab olunsa da, bəzi insanlarda ciddi, sıxıcı, ümidsiz, soyuq, uzaq kimi də göstərə bilər özünü. Qırmızı enerji və ehtiras rəngi kimi sayılsa da, bəzi insanlarda gərginlik, aqressiya kimi də üzə çıxa bilər. Digər tünd rənglər də buna aiddir".
Eyni zamanda psixoloq bildirib ki, psixoterapiya və ya müalicəvi proseslərdə tünd rənglərin istifadəsi faydalı ola bilər:
" Lakin bu, pasiyentin xüsusiyyətinə görə dəyişə bilər. Məsələn, biz daha ciddi atmosfer yaratmaq istəyiriksə, tünd göy və tünd boz ideal rənglərdir. Elə əsasən terapiya otaqları bu rənglərdə olur. Və ofis mühitində işləyən, ağır təbiətli insanlar üçün belə yerlər rahat olur, güvən hissi yarada bilir. Amma bəzi rahatlıqlarını sevən insanlar belə rənglər olan mühitdə narahat ola bilərlər. Aqressiya və impuls nəzarəti terapiyalarında tünd qırmızı və ya bordo rəngi emosional ifadəni artıra bilər, streslə qəzəbi idarə etməyə köməklik göstərə bilər. Eynilə, əksinə aqressiyanı daha da artıra bilər. Ona görə bu və bu kimi rənglərlə diqqətlə işləmək lazımdır. Duyğusal rahatlama, sakitləşmə kimi terapiyalarda daha çox tünd göy və ya tünd yaşıl rənglər sakitliyin simvolu hesab edilir, deyə kömək olur, insanların emosional vəziyyətini balanslaşdıra bilir.
Sonda qeyd etmək istəyirəm ki, bu rəng mövzusu individual məsələdir və hər kəs də fərqli təsir oyada bilir. Və belə bir anlayış yoxdur ki, hamı hansısa bir rəngə ya kədər simvolu, aqressiya simvolu ya da sakitləşdirici rəng kimi baxacaq. Hərə də fərqlidir. Psixoloqlar da hər kəsə fərqli yanaşmalıdır bu mövzuda".
Nigar Həsənzadə