Menendez qardaşlarının azadlıq uğrundakı növbəti addımı

Bölmə: Dünya › ,
Tarix: 22:34 27.02.2025

Beverly Hillsdə valideynlərini amansızlıqla qətlə yetirdikləri üçün 30 ildən çoxdur həbsdə olan Erik və Lyle Menendez qardaşları azadlığa çıxmaq üçün cavab almağa cəmi bir neçə həftə uzaq ola bilərlər. Lakin yeni vəzifəyə gəlmiş dairə prokurorunun hərəkətləri onların azadlığa çıxmaq şanslarını sual altına qoyub.

 

Los-Anceles dairəsinin prokuroru Nathan Hochman keçən həftə Menendez qardaşlarının yeni məhkəmə prosesinə dair müraciətinə qarşı olduğunu açıqlayıb. Prokurorun sözlərinə görə, qardaşların yeni sübutlarla ataları tərəfindən seksual zorakılığa məruz qaldıqları iddiası “özünümüdafiə hesab edilə bilməz".

 

Qardaşlara yeni məhkəmə prosesinin verilib-verilməyəcəyinə son qərarı hakim versə də, Hochman-ın bu məsələyə qarşı çıxması onların hüquqi mübarizəsində ciddi maneə ola bilər. Hochman bu işi, qardaşların azadlığa çıxmasına dəstək verən sələfi, proqressiv mövqeyi ilə tanınan George Gascón-dan miras alıb.

 

Bu mürəkkəb işin bir neçə mümkün inkişaf yolu var və yeni məhkəmə prosesi tələb etmək Menendez qardaşlarının azadlığa çıxmaq üçün araşdırdığı yollardan sadəcə biridir.

 

CNN

Nuray Qurbanlı