Sosial şəbəkələrdə əxlaqsızlığın təbliği

Tarix: 22:47 27.02.2025
“Əxlaqsız adam insan deyil, əşyadır”.
Son illərdə sosial şəbəkələr, internet həyatımızın ən mühüm hissələrindən birinə çevrilib. Az yaşlı uşaqdan, yaşlı insana kimi hər kəs hazırda sosial şəbəkələrdən istifadə edir. İnsanlar paylaşımlarında azaddırlar, ancaq bu azadlıq o demək deyil ki, milli-mənəvi dəyərlərimizə xələl gətirməyə, əxlaqsızlığı təbliğ etməyə haqqımız var.
Keçmişdə məşhurluq istedad, zəka və əxlaq üzərində qurulurdu. Günümüzdə isə bəzi insanlar tanınmaq üçün dəyərləri tapdalamağa, mənəviyyatı ucuzlaşdırmağa hazırdırlar. Gəlin bir az keçmişin dəyərli simaları ilə bugünkü “məşhurlar” arasındakı fərqə baxaq:
Sosial media dövründən əvvəl məşhur olmaq asan deyildi. İnsanlar elmləri, yazıları və cəmiyyət üçün etdikləri ilə tanınırdılar. Azərbaycan tarixində də belə nümunələr kifayət qədər çoxdur. Bu gün isə vəziyyət tamamilə fərqlidir. Əgər bir vaxtlar insanlar istedad və zəhmət hesabına tanınırdılarsa, indi populyar olmaq üçün yalnız “diqqət çəkmək” kifayət edir.
İnternet yeni yarandığı zamanlarda informasiya yaymaq və ya əldə etmək əsas məqsəd olsa da, zamanla sosial şəbəkələrdə populyarlıq qazanmaq üçün hər şeyə hazır olan bir kütlə formalaşdı. Xüsusilə TikTok, Instagram, Twitter kimi platformalarda bəzi istifadəçilər populyarlıq naminə cəmiyyətin dəyərlərinə zidd olan məzmunlar paylaşırlar. Açıq-saçıq paylaşımları, vulqar ifadələri ilə gündəmə gəlirlər. Dələduzluq, canlı yayım açıb dilənmək artıq cəmiyyətdə əksər insanlara görə normal hal alıb.
Bəs, bu insanların məqsədi nədir?
İzlənmək, reklam almaq və ya daha çox pul qazanmaq. Öz dəyərlərini pula satan bu şəxslər cəmiyyəti mənəvi tənəzzülə aparırlar. Məhz belə insanların təsiri ilə ailələrə hörmətsizlik artır, gənclər onları nümunə götürüb, sosial mediada tanınmaq naminə mənəvi dəyərlərini ayaqlar altına atırlar. Daha çox "like" və izləyici qazanmaq üçün şəxsi həyatlarını ifşa edənlər, ədəbsiz davranışlarla özlərini nümayiş etdirənlər artıq heç bir sərhəd tanımır. Bəlli bir kütlə var ki, bu haldan narazıdır, ancaq belə olduğu halda onları izləməyə davam edirlər. Onları qınayan da, reytinq verən də təəssüf ki, bizlərik..
Sağlam cəmiyyət bu məsələyə susmamalıdır!
Onları izləməməli, dəstək verməməliyik. Əxlaqsızlığı təbliğ edənlər və mənəvi dəyərlərin alçaldılmasına təşviq edənlərə qarşı hüquqi tədbirlər görülür, ancaq bu tədbirlər daha da qatılaşdırılmalıdır. Ən əsası isə əxlaqi və mədəni dəyərləri qoruyan insanlara dəstək olmaq və onları daha çox ön plana çıxarmalıyıq.
İndi isə biz seçim etməliyik:
Bizi maarifləndirən kütləyə layiq olduğu dəyəri verməliyik, yoxsa, sosial mediada əxlaqsızlığın normallaşmasına göz yumub susmalıyıq?
Ancaq siz qərar verməmişdən öncə qədim Roma filosofu Avreli Avqustinin məşhur ifadəsinə nəzər salmağınızı istəyirəm:
“Əxlaq hər şeyi əvəz edə bilər, amma əxlaqın yerini heç nə verməz”.
Fatimə Şahverdiyeva