Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ-yə səfər edəcək

Tarix: 23:11 27.02.2025
Ukrayna Prezidenti Volodimir Zelenski fevralın 28-də ABŞ-yə səfər edəcək.
Bunu ABŞ Prezidenti Donald Tramp öz kabinetinin ilk iclasında deyib. Onun sözlərinə əsasən, səfər çərçivəsində Ukraynanın faydalı qazıntıları üzrə razılaşma imzalanacaq.
“Zelenski cümə günü gələcək, biz çox böyük saziş imzalamağa hazırlaşırıq”, – deyə o bildirib.
Məsələ ilə bağlı politoloq Qədir Aslan "İnformator.az" saytına müsahibəsində bildirib ki, ABŞ Rusiya-Ukrayna arasında atəşkəsin imzalanmasına nail ola biləcək gücdədir. Lakin ABŞ ədalətsiz sülhə imza atmaz:
"BMT-nin Baş Assambleyasının da bu yaxınlarda qəbul etdiyi qətnamədə qeyd olunur ki, imzalanan sülh ədalətli olmalıdır. Azərbaycan da bu yolu keçərək 1994-cü ildə “Əsrin müqaviləsi”ni imzaladı, yalnız bundan sonra ölkədə siyasi böhran bitdi və iqtisadi inkişaf başladı. Bu müqavilələrdən gələn gəlirlə Azərbaycan öz iqtisadiyyatını bərpa etdi və işğal olunan ərazilərini azad etdi.
İngiltərə özü II Dünya müharibəsindən sonra ABŞ-nin verdiyi “Lend-Liz” proqramını 2006-cı ilədək ödədi. Böyük dövlətlərlə olan bu haqq-hesabda həmişə bu məsələlər gündəmdə olur. Mütləq şəkildə təhlükəsizlik zəmanəti olmalıdır.
Ən əsası iqtisadi təhlükəsizlikdir ki, ABŞ yatırımları Ukraynaya gəlməyə başladığı gündən ora bir güllə belə atıla bilməz. Bunu hamı çox gözəl bilir. Necə ki, bizim neft yataqlarımızda İngiltərənin BP və digər 12-dən çox dövlətin şirkətləri var idi və ora bir güllə belə atılmadı".
Fidan Fərhad