Çin ABŞ-nin rüsum artırmasına cavab olaraq əks tədbirlər görəcək

Tarix: 21:01 05.03.2025
Bu barədə Çin Xalq Respublikasının Ticarət Nazirliyinin məlumatında deyilir.
İqtisadçı Altay İsmayılov "informator.az"a açıqlamasında qeyd edib ki, Amerikanın bu addımı ilkin olaraq münasibətlərə mənfi təsir edəcək:
"Ümumiyyətlə, bu gün Çin və Amerika arasında olan bu münasibət ticarət müharibəsinin, eyni zamanda valyuta kursu mübarizəsinin bir parçasıdır. Burada bu gün Amerikanın əlavə gömrük rüsumları müəyyənləşdirməsi və hətta bu gün etibarı ilə rüsumu artırması, əlbəttə ki, ilkin olaraq bu münasibətlərə mənfi təsir edəcək. Amerika üçün Çin xarici ticarətdə çox önəmli bir tərəfdaşdır. Çin, Amerikanın tətbiq edəcəyi əlavə rüsumlar səbəbindən daha az məhsul sata biləcək. Bu da Çinin dünya bazarında alternativ bazarlara yönəlməsinə səbəb olacaq. Amerika baxımından isə gömrük rüsumlarının tətbiq olunmadığı ölkələrdən idxal artacaq və digər təsirlər müşahidə olunacaq".
İqtisadçı Amerikanın rüsum artırma qərarının Çinin daxili bazarına və istehsal sektoruna təsirindən də danışıb:
"Biz bu təsirləri iki yerə ayıra bilərik: qısa müddətli və uzun müddətli dövrdəki təsirlər. Qısa müddətli dövrdə istənilən halda bu, Çinə müəyyən qədər mənfi təsir edəcək. Çünki Çinin ixracı üçün də Amerika önəmli bir bazardır. Yalnız orta müddətli dövrü götürdüyümüz zaman, Çin sürətlə adaptasiya olan bir ölkədir. Amerika bazarında sata bilmədiyi və ya rüsum tətbiq edildiyi üçün daha baha satılan məhsullar üçün Çin fərqli bazarlara yönəlməyi seçəcək. Bundan əlavə, Çin onsuz da dünya bazarında rəqabət baxımından daha ucuz məhsul təqdim etdiyi üçün üstünlüyə malikdir. Amerika bazarında mövqeyini itirməmək üçün Çin ola bilər ki, xərclərini yenidən nəzərdən keçirsin və bir qədər də aşağı salsın. Bu, bazardakı mövqeyini qorumaq üçün bir addım ola bilər. Ancaq istənilən halda, bu tətbiqdən sonra Çin Amerikaya daha baha məhsul satacaq ki, bu da Amerika bazarında Çinin məhsullarına olan tələbatı qismən azalda bilər. Lakin mənim əsas gözləntim odur ki, orta müddətli dövrdə Çin bu prosesə sürətlə adaptasiya olacaq".
Müsahibin sözlərinə görə, bu addım qlobal ticarət münasibətlərində bir sıra dəyişikliklərə səbəb ola bilər:
"Ümumilikdə, Amerikanın, daha doğrusu Trampın bu addımı qlobal ticarətə mənfi təsir göstərən bir haldır. Çünki tətbiq edilən faizlər konkret iqtisadi hesablamalara əsaslanmır: 10%, 15%, 20%, 25% kimi rəqəmlər tətbiq olunur. Bu da onu göstərir ki, bu faizlər iqtisadi cəhətdən hesablanmış, əsaslandırılmış rəqəmlər deyil, sadəcə Trampın populist çıxışları nəticəsində müəyyən etdiyi faizlərdir. Bu baxımdan, bu addım qlobal ticarət münasibətlərinə mənfi təsir edəcək. Amerikanın əsas məqsədlərindən biri müəyyən ölkələri cəzalandırmaq, onlara təzyiq göstərmək, eləcə də müəyyən investisiyaların Amerikada həyata keçirilməsinə nail olmaq və idxal etdiyi məhsulları öz daxili bazarında istehsal etməyə çalışmaqdır. Qlobal ticarət münasibətlərində başlayan bu gərginlik orta müddətli dövrdə tarazlanacaq, balanslaşacaq. Lakin hazırda bu proses qlobal bazarda gərginlik yaratmaqdadır və bunun əsas səbəbkarı, şübhəsiz ki, Trampın populist siyasətidir".
Nuray Qurbanlı