Azərbaycanda yanacaq xərcləri 7%-ə yaxın artıb

Tarix: 19:57 12.03.2025
Azərbaycanda yanacaq xərclərinin artımı iqtisadiyyatın müxtəlif sahələrinə təsir etməklə, istehlakçıların gündəlik xərclərinə də əhəmiyyətli şəkildə yansıyıb.
Mövzu ilə bağlı iqtisadçı Altay İsmayılov "informator.az"a açıqlamasında bildirib ki, bildiyimiz kimi 2024-cü ilin iyul ayının 1-dən etibarən müxtəlif növ yanacaq, yəni benzin və dizelin qiymətlərində artım baş verdi:
"Ölkədə bu ilin yanvar-fevral aylarında yanacaq xərcləri ötən ilin eyni dövrü ilə müqayisədə artıb. Çünki həmin dövrdə qiymət artımı baş verməyib. Dolayısı ilə iyuldakı qiymət artımının təsiri nəzərə alındıqda, yanvar-fevral aylarında yanacaq xərclərinin keçən illə müqayisədə artması tamamilə təbiidir. Hətta bəzi hallarda xərclərin artmadığını da söyləmək olar. Çünki benzin və dizeldəki qiymət artımı minimum 10 faiz olduğu halda, ümumi yanacaq xərclərinə təsiri cəmi 7 faiz təşkil edib. Bu baxımdan ciddi fərq yaranmayıb və bu, gözlənilən bir haldır".
Müsahib burada əsas məsələnin yanacaq xərclərinin artmasının olduğunu vurğulayıb:
"Məlumdur ki, istehsal proseslərinin əhəmiyyətli bir hissəsi yanacaqla bağlıdır. Birbaşa yanacaqdan asılı olan sahələrlə yanaşı, nəqliyyat və daşınma xərclərinin artması nəticəsində digər sahələr də dolayı yolla təsirlənir. Nəticədə, hətta yanacaqla heç bir əlaqəsi olmayan sektorlar belə xərclərin artması səbəbindən məhsul və xidmətlərinin qiymətlərini artırmaq məcburiyyətində qalırlar. Beləliklə, ümumilikdə inflyasiya təsiri yaranır. Hazırda inflyasiya rəsmi rəqəmlərə görə yüksək deyil, lakin mövcud inflyasiyanın tərkibində yanacaq qiymətlərinin artımının təsiri mütləq var və bu da iqtisadiyyatda dalğavari təsir yaradır. Yenə də qeyd etmək lazımdır ki, inflyasiya səviyyəsi çox yüksək olmadığı üçün bu təsir hələlik ciddi səviyyədə deyil”.
Aydan Quliyeva