Avropa İttifaqı (Aİ) Azərbaycanın aparıcı ticarət tərəfdaşı olaraq qalır

Tarix: 21:04 12.03.2025
Bunu Aİ-nin Azərbaycandakı nümayəndəliyinin rəhbəri, səfir Peter Mixalko sosial şəbəkədəki paylaşımında qeyd edib.
Onun sözlərinə görə, Avropa İttifaqı Azərbaycan üçün ən güclü bazardır:
"2024-cü ildə Azərbaycanın ixracının 63,3 faizi bu quruma üzv dövlətlərin payına düşür. Ümumilikdə Avropa İttifaqı Azərbaycanın xarici ticarətində 41 faizdən çox paya malikdir."
Mövzu ilə bağlı iqtisadçı Asif İbrahimov "informator.az"a açıqlamasında danışıb.
O bildirib ki, Avropa İttifaqı Azərbaycan üçün ən güclü bazar hesab olunur:
"Ümumiyyətlə, bildirmək istəyirəm ki, dünyanın iki ən böyük bazarı mövcuddur.Hazırda Amerika Birləşmiş Ştatları, Avropa İttifaqı (28 ölkə və Böyük Britaniya daxil olmaqla) və üçüncü ən böyük bazar olan Rusiya Federasiyası, Azərbaycanın şimal qonşusudur. Bildiyiniz kimi, Azərbaycanın ən potensiallı və ən yaxşı tərəfdaşlarından biri Avropa İttifaqıdır. Avropa İttifaqı Azərbaycan üçün ən güclü bazar hesab olunur, çünki orada qiymət amilləri və digər bazarlara nisbətən yüksək tələblər mövcuddur. Hər hansı bir məhsulu ixrac etdiyiniz zaman onu baha qiymətə sata bilərsiniz. Eyni zamanda, bu bazar etibarlıdır, yəni Avropa İttifaqı ilə ticarət edərkən, bazarın qaydalarına və oyun qaydalarına uyğun hərəkət etməli olursunuz və bu da dayanıqlı və etibarlı bir mühit yaradır.
Azərbaycan da özünü Avropa İttifaqının etibarlı tərəfdaş kimi sübut etməyə nail olub. Bunu, xüsusilə, Rusiya-Ukrayna müharibəsinin fonunda baş verən enerji böhranı zamanı görmək mümkündür. Azərbaycan həm öz karbohidrat ehtiyatlarını, həm də zərurət olduqda digər tərəfdaş ölkələrdən olan karbohidrat ehtiyatlarını Avropaya nəql etməkdə önəmli rol oynayıb. Bu dövrdə Azərbaycan Avropa İttifaqı ilə etibarlı tərəfdaş kimi öz imicini formalaşdırıb.”
İqtisadçı Avropa İttifaqı ilə gələcək əməkdaşlıq barədə də danışıb:
"Avropa İttifaqı ilə gələcəkdə əməkdaşlıq daha da təkmilləşdirilə bilər. Bəzi hallarda Azərbaycan istehsalçıları birbaşa olaraq Rusiya bazarını hədəf alsalar da, Amerika Birləşmiş Ştatları və Avropa İttifaqının bazarına daxil olmaqda müəyyən çətinliklər yaranır. Məsələn, Azərbaycan dövlətinin normativ hüquqi aktları və köhnə dostlarla əlaqələr, Avropa İttifaqının direktivləri ilə uyğunluq yaratmaqda çətinliklər yarada bilər. Bu məsələləri həll etmək üçün laboratoriyaların keyfiyyətini və onların verdiyi protokolların etibarlılığını artırmaq, Avropa İttifaqının direktivlərinə uyğunlaşdırmaq vacibdir. Beləliklə, Azərbaycan öz məhsul və mallarını Avropa İttifaqına ixrac etmək üçün daha güclü potensiala sahib ola bilər.
Rusiya bazarına olan asılılıq, siyasi məsələlər ortaya çıxanda Azərbaycan məhsullarına qeyri-neft sektorundan olan məhsullara embarqo qoyulması ilə nəticələnə bilər və bu, çətinliklər yaradır. Bu səbəbdən, alternativ bazarlara yönəlmək artıq çoxdan zərurət halını alıb. Bir məsələyə də xüsusi diqqət yetirmək lazımdır: Azərbaycanın ən çox ixrac etdiyi məhsul neft və qazdır, qeyri-neft sektorunun isə bu ixracatdakı xüsusi çəkisi çox aşağıdır. Bu sahəni inkişaf etdirmək vacibdir. Avropa İttifaqı ilə ən çox ticarət dövriyyəsi olan ölkə isə İtaliyadır.”
Nuray Qurbanlı