Əbu Simbel II Ramses məbədi-Misir

Bölmə: Mədəniyyət › ,
Tarix: 22:57 14.03.2025

Yuxarı Misirdə, Nasir gölünün sahilində yerləşən Əbu Simbel məbədləri II Ramses tərəfindən tikilib. Bunlar, təxminən eramızdan əvvəl 1264-cü ilə aid, II Ramsesin hakimiyyəti dövründə inşa edilən iki böyük qaya məbədidir. Burada iki məbəd var: II Ramsesə həsr olunan Böyük Məbəd və onun baş yoldaşı Kraliça Nefertariyə həsr olunan Kiçik Məbəd. Videoda izlədiyiniz, II Ramsesin adına tikilən Böyük Məbəddir.

 

Misirin ən qüdrətli fironlarından biri olan II Ramsesin məbədi, Nil çayının sahilində qumdaşı qayasına oyulmuş və onun tikintisi təxminən 20 il davam etmişdir. 20 metr hündürlüyündə Ramses fiqurları uçurumun girintili üzündə, əsas məbədin girişinin hər iki tərəfində yerləşdirilmişdir. Ayaqlarının ətrafında oyulmuş kiçik fiqurlar Ramsesin uşaqlarını, Kraliça Nefertarini və anası Muttuyunu təsvir edir. Məbədin içərisində fironun qələbələrini əks etdirən heykəllər və rəsmlər də mövcuddur.

 

1960-cı illərdə Misir hökuməti Nil çayı üzərində Asvan Yüksək Bəndini tikmək qərarına gəldi. Bu bənd həm Əbu Simbel məbədlərini, həm də Philae məbədi kimi ətrafdakı tikililəri su altında qoymaq təhlükəsi yaradacaqdı. 1964-1968-ci illər arasında hər iki məbədin sökülməsi və bir vaxtlar dayandıqları qayalıqların üstündəki düzənliyə 65 metr hündürlüyə daşınması üçün işlər aparılıb. Məbədlər heç bir zərər görmədən, yerləşdikləri yerdən 210 metr şimal-qərbdə yenidən qurulub. Bu təşəbbüs çoxmillətli arxeoloqlardan ibarət komanda YUNESKO-nun rəhbərliyi altında həyata keçirilmiş və 40 milyon dollardan çox vəsait xərclənmişdir.

Mənbə: antikdünya

Türkan Kərimli