Enerji sahəsi ilə bağlı yeni qanun layihələri hazırlanıb

Bölmə: İqtisadiyyat › ,
Tarix: 21:44 24.04.2025

“Enerji Effektivliyi Fondunun yaradılması istiqamətində işlər başa çatmaqdadır".

Xüsusilə bərpa olunan enerji mənbələrindən istifadə sahəsində yüksək nəticələr əldə edilir.

 

Mövzu ilə bağlı enerji məsələləri üzrə ekspert Ramiz Kəlbiyev “İnformator.az”a açıqlamasında bildirib ki, Enerji Effektivliyi Fondu bəzi mənbələr hesabına maliyyələşir:

 

“İlk olaraq enerji resurslarının satışından, qanunla nəzərdə tutulan qayda ilə müəyyən edilən məbləğdə fonda köçürülən vəsaitlər, kreditlər, hüquqi və fiziki şəxslərin könüllü ianələri, beynəlxalq təşkilatların ayırmaları, fondun vəsaitlərinin idarə olunmasından əldə olunan gəlirlər və qanunla qadağan olunmayan digər mənbələr fondun maliyyələşmə mənbələrini təşkil edir.

Enerji Effektivliyi Fondunun vəsaitləri bəzi tədbirlərin maliyyələşdirilməsi üçün istifadə olunur. Bəs bu vəsaitlər hansı tədbirlərin maliyyələşdirilməsi üçün nəzərdə tutulur? Əvvəlcə enerji səmərəliliyi sahəsində elmi-texniki fəaliyyətin maliyyələşdirilməsi, enerji-menecment sisteminin tətbiqi, ağıllı sayğacların və sistemlərin tətbiqi və s. bu tədbirlərə daxildir.

 

Bu fondun yaradılması ölkədə enerji səmərəliliyinə müsbət təsir göstərəcəkdir. Tədbirlər genişləndiriləcək, dövlət proqramlarında bu sahədə nəzərdə tutulan tədbirlərin icrası dəstəklənəcək. Elmi-texniki fəaliyyət daha da genişlənəcək.

 

Azərbaycanda bərpa olunan enerji mənbələrinin inkişafı üzrə böyük nəticələr əldə olunub. Hazırda ən böyük layihələrdən biri olan Qaradağda Günəş Elektrik Stansiyası Birləşmiş Ərəb Əmirliklərinin “Mastar” şirkətinin dəstəyi ilə fəaliyyət göstərir. Bundan əlavə, Neftçala və Biləsuvarda Günəş Elektrik Stansiyalarının tikintisinə hazırlıq işləri aparılır. Respublikamızda günəş və külək potensialı kifayət qədərdir. Bunlardan səmərəli istifadə olunması enerjinin ixracı imkanlarını genişləndirəcək.

 

Enerji sahəsində beynəlxalq tərəfdaşlarla əsasən günəş və külək enerjisi istiqamətində işlər aparılır. Lakin ölkəmizdə biokütlə və bioqaz enerjisi potensialı da mövcuddur. Əsas məqsəd, qeyd olunan bərpa olunan enerji sahələrinə investisiyaların cəlb olunmasıdır. Çünki investisiyaların cəlb olunması ölkəmizin enerji təhlükəsizliyinə bilavasitə töhfə verəcək".

 

Çimnaz Telmanqızı