Avropa çempionatında növbəti parlaq uğur

Tarix: 21:09 25.04.2025
"Avropa çempionatında mükafatçılar sırasına düşmək uğurdur. Amma Rəşiddən çempionluq gözləyənlər çox idi və onlar çüdoçumuzun son 2 ildə “Böyük Dəbilqə” və Qran-Pridəki yüksək nəticələrinə əsaslanırlar".
Bu sözləri idman jurnalisti, futbol şərhçisi Rövşən Binnətli "İnformator.az"a açıqlamasında deyib.
Müsahibin sözlərinə görə, hər kəs bürünc medalın idmançımızın imkanlarından aşağı olduğu qənaətində idi:
"Güclü cəhəti Avropa çempionatı kimi irimiqyaslı yarışda fəxri kürsüyə yüksəlməsi, zəif cəhəti qızıl medal qazana bilməməsi idi. Nüfuzlu yarışda mükafatçılar sırasına düşmək təkcə həmin növün deyil, bütövlükdə ölkə idmanının siması, nüfuzunun artması deməkdir. Cüdo Federasiyasında işlər kifayət qədər peşəkar aparılır, qurum elmi metodikaya əsaslanaraq fəaliyyət göstərir. Bunun məntiqi nəticəsidir ki, Azərbaycan cüdoçuları, Olimpiya Oyunları daxil olmaqla yarışdıqları bütün nüfuzlu beynəlxalq turnirlərdə ölkə idmanının adına layiq nəticələr əldə edirlər. Bu Avropa çempionatında əldə olunan nailiyyətlər gələcək yarışlarda qazanılacaq daha yüksək nəticələrə vəsilədir, körpüdür".
Zəhra Möhübbətova