Pyezoelektrik materiallardan elektrik enerjisi istehsalının perspektivləri

Bölmə: İqtisadiyyat › ,
Tarix: 21:10 25.04.2025

Pyezoelektrik effektin təxminən 150 il əvvəl kəşf olunmasına baxmayaraq, onun tətbiq sahələri hələ də genişlənməkdə davam edir.

 

Mövzu ilə bağlı Azərbaycan Texniki Universitetinin “Enerji effektivliyi və yaşıl enerji texnologiyaları” kafedrasının dosenti, texnika elmləri namizədi Ramiz Kəlbiyev “İnformator.az”a açıqlamasında bildirib ki, pyezoelektrik materiallar hər hansı fiziki təsirə məruz qaldıqda və ya səs-küy təsirindən yaranan titrəyişlərlə elektrik enerjisi istehsal edir:

 

“Bildiyimiz kimi, şəhər mərkəzlərində səs-küy səviyyəsi kifayət qədər yüksəkdir. Hesablamalara görə, diametri 5 sm olan bir pyezoelektrik materialdan orta hesabla 35 Vt elektrik enerjisi əldə etmək mümkündür. Məlumdur ki, 2,4 m² sahəsi olan günəş panelindən 500 Vt enerji əldə edilir. Bu isə 1 m² üçün təxminən 208 Vt deməkdir. Əgər 1 m² sahəyə 400 ədəd 35 Vt gücündə pyezoelektrik element yerləşdirilsə, bu zaman həmin sahədən təqribən 14 kVt elektrik enerjisi almaq olar. Bu isə orta səthə düşən günəş enerjisindən 67 dəfə çoxdur. Əsas üstünlüklərdən biri də odur ki, pyezoelektrik elementlərin hazırlanması yüksək texnologiya tələb etmir.

 

Elektrik enerjisinin qiymətinin ildən-ilə artdığı bir şəraitdə nəqliyyat, hava nəqliyyatı, məişət və digər sahələrdə alternativ enerji mənbələrinin əhəmiyyəti daha da artır. Pyezoelektrik materialların tətbiqi ilə bu sahələrdə elektrik enerjisindən istifadə səmərəliliyi də artacaq. Elmi araşdırmalar göstərir ki, pyezoelektrik materiallardan alınan elektrik enerjisinin bu sahələrdə tətbiqi əsaslandırıla bilər. İlkin araşdırmalar nəticəsində müəyyən olunub ki, pyezoelektrik materiallardan avtomobillərdə istifadə təcrübəsi mövcuddur. Burada pyezoelektrik material təkərin diskinin daxilinə quraşdırılır. Bu yanaşmanın reallaşdırılması müəyyən texniki çətinliklər yaratsa da, mümkündür. Eyni şəkildə bu materiallardan məişət avadanlıqlarında və pilotsuz uçuş aparatlarında da istifadə oluna bilər. Beləliklə, enerjinin daha səmərəli istifadəsi mümkün olar. İşıqlanma, məişət cihazlarının və digər avadanlıqların enerji təminatında bu texnologiyanın tətbiqi nəticəsində xeyli miqdarda enerji qənaəti əldə edilə bilər.

 

Pyezoelektrik materiallar fiziki təsirə məruz qaldıqda və ya titrədikdə elektrik enerjisi istehsal edir. Bu xüsusiyyət onların kristal qəfəsləri ilə bağlıdır və “pyezoelektrik effekt” adlanır. Bu materiallardan şəhər mərkəzlərində və səs-küylü məkanlarda yerləşən binalarda istifadə ilə bağlı müxtəlif təkliflər irəli sürülüb. Bilirik ki, səs-küylü məkanlardan biri də hava limanlarıdır. Burada təyyarələrin yaratdığı səsin təsiri ilə pyezoelektrik materiallardan alınan enerjidən müxtəlif cihazların enerji təminatında istifadə etmək mümkündür. Yaxşı olar ki, binalarda olduğu kimi, aeroportlarda da lövhə şəklində hazırlanmış pyezoelektrik panellərdən istifadə olunsun.

 

Nəticə olaraq, pyezoelektrik materiallardan istifadə etməklə əldə olunan elektrik enerjisinin yerli şəraitə uyğun olaraq cihazlarda, insansız uçuş aparatlarında, avtomobillərdə, yollarda, binalarda və digər sahələrdə səmərəli istifadəsi üçün yeni texnologiyalar inkişaf etdiriləcək. Bu istiqamətdə tətbiqi məsələlərin konstruktiv həlləri hazırlanacaq və innovativ, səmərəli yanaşmalar təklif ediləcək. Quraşdırılan pyezoelektrik panellərdən alınan elektrik enerjisi daha məqsədyönlü və effektiv şəkildə istifadə ediləcək".

 

Çimnaz Telmanqızı