Azərbaycan Çindən müasir nəqliyyat vasitələri alır-26 milyon dollar xərclənəcək

Bölmə: İqtisadiyyat › ,
Tarix: 15:25 29.04.2025

Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqinin ("AZCON Holding") tərkibində fəaliyyət göstərən "Azərbaycan Dəmir Yolları" QSC (ADY) Çinin "CRRC Ziyang Co., Ltd" şirkətindən yeddi ədəd yeni lokomotiv və ehtiyat hissələri əldə edəcək.

 

 

“İnformator.az” xəbər verir ki, bu barədə "Azərbaycan Dəmir Yolları" QSC məlumat yayıb.

 

Bildirilib ki, lokomotivlərin və ehtiyat hissələrinin alınması ilə bağlı bütün texniki və kommersiya məsələləri razılaşdırılıb. Sazişin ümumi dəyəri 26 milyon ABŞ dolları təşkil edir.


Qabaqcıl texnologiyalarla, innovativ dartı sistemləri ilə təchiz olunmuş və yüksək texniki göstəricilərə malik müasir AC50 tipli magistral dizel lokomotivi yüksək dartı gücü, daha böyük yanacaq tutumu və etibarlılığı ilə seçilir.

 

AC50 modeli Beynəlxalq Dəmir Yolları İttifaqı (UIC) tərəfindən müəyyən edilən IIIA səviyyəli ekoloji standartlara cavab verir. Bu, lokomotivdən xüsusi emissiya tələbləri olan ərazilərdə istifadə etməyə imkan verir.

 

Lokomotivlərin, xüsusən Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizi üzrə, eləcə də digər istiqamətlərdə artan yükdaşımalara xidmət etmək məqsədilə istifadəsi nəzərdə tutulur.

 

Növbəti mərhələdə əlavə 14 ədəd magistral lokomotivin alınması planlaşdırılır.

 

Qeyd edək ki, Azərbaycan ərazisindən keçən beynəlxalq dəhlizlər üzrə tranzit yüklərin davamlı artmasını nəzərə alaraq, ADY yüklərin təhlükəsiz daşınması məqsədilə lokomotiv parkının yenilənməsinə və genişləndirilməsinə ciddi önəm verir.