Bakıda Azərbaycan-İran biznes forumu keçirilib

Tarix: 19:30 29.04.2025
Aprelin 28-də Bakıda, Heydər Əliyev Mərkəzində Azərbaycan-İran biznes-forumu keçirilib.
Bu mövzuyla bağlı “İnformator.az” a iqtisadçı Pərviz Heydərov bildirir ki, ölkəmiz ilə İran arasında bütün sahələrdə geniş qarşılıqlı əlaqələr və əməkdaşlıq üçün böyük imkanlar mövcuddur:
“Lakin, 2024-cü ildə ikitərəfli ticarət dövriyyəsi əvvəlki illə müqayisədə 20% artaraq cəmi 580 milyon dollar civarında təşkil edir. Odur ki, dövlət başçımız da qeyd etdi ki, bu gün biz statistik rəqəmlərə baxdıqda görürük ki, iki ölkə arasındakı ticarət dövriyyəsi heç bir milyard dollara çatmır və əlbəttə ki, bu, bizi qane etmir. Ona görə də ticarət dövriyyəsinin artırılması, qarşılıqlı sərmayə qoyuluşu, müştərək müəssisələrin yaradılması və digər buna oxşar təşəbbüslərin reallaşdırılması olduqca vacib sayılır. Bununla belə, Azərbaycan və İran, bir sıra önəmli beynəlxalq layihələrdə iştirak edir, Şimal-Cənub nəqliyyat dəhlizi üzrə əməkdaşlığı getdikcə genişləndirirlər. Ümumiyyətlə, hələlik görünən budur ki, ölkələrimiz arasında gələcək iqtisadi-ticari əlaqələri əsasən, hər iki ölkənin əlverişli coğrafi mövqedə yerləşmələri diqtə etməlidir və edəcəkdir. Hər iki ölkə Şərq-Qərb və Şimal-Cənub marşrutları üzrə qapıda yerləşirlər. Ölkəmizdə bu sahədə dövlət xətti ilə bir çox infrastruktur layihələr həyata keçirilmiş və keçirilməkdədir. Dövlət başçımız qeyd etdi ki, biz İran şirkətlərini bu layihələrdə iştirak etməyə dəvət edirik. Söhbət, dəmir yolları, avtomobil yolları, kommunikasiya xətləri, elektrik xətləri kimi layihələrdən gedir. Eyni zamanda, erməni işğalından azad edilmiş ərazilərdə hazırda aparılan geniş quruculuq işlərinə də İranlı iş adamlarının və biznes dairələrinin maraq göstərmələri və bu sahədə iştirakı ölkələrimiz üçün çox böyük faydalar verə bilər. O cümlədən elektroenergetika, kənd təsərrüfatı, emal və sair sahələrdə əməkdaşlıqlar da. Yəni ki, qarşılıqlı faydalı əməkdaşlıq və əlaqələr üçün çoxşaxəli istiqamətlər mövcuddur. Bütün bunları gerçəkləşdirmək üçünsə ikitərəfli münasibətlərdə sırf iqtisadi maraqlar hökmranlıq etməlidir. Məsələn, Zəngəzur dəhlizi bütün region üçün divident deməkdir. Bu layihəyə nədən "qıcıq hissi" ilə yanaşılsın ki? Azərbaycan prezidenti də bildirdi ki, ölkəmiz öz dəmir yolumunu gələn il artıq, İran sərhədinə, Zəngilan-Ağbənd istiqamətinə çatdıra bilər ki, təbii olaraq İran ərazisində də dəmir yolu inşa edilərsə, o zaman bu da beynəlxalq nəqliyyat dəhlizinə çevriləcək”.
Aysel Mirzəyeva