ABŞ və İran arasında məsləhətləşmə aparılır-ŞƏRH

Tarix: 20:40 29.04.2025
ABŞ Prezidenti Donald Tramp Tehranın nüvə proqramı ilə bağlı İran hakimiyyəti ilə yüksək səviyyəli məsləhətləşmələrin aparıldığını bildirib. O, İranla razılaşmanın yaxşı irəlilədiyini və hər iki tərəfin razılaşma istədiyini vurğulayıb. Tramp qeyd edib ki, nüvə silahına sahib olmaq həm baha, həm də təhlükəlidir və İranın bu proqramdan imtina etməsi bəşəriyyət üçün faydalı olar. ABŞ lideri Papa Fransiskin dəfn mərasimində iştirak etmək üçün Romaya səfər edib.
Mövzu ilə bağlı politoloq Əli Mustafa "İnformator.az"a açıqlamasında bildirib ki, Amerika ilə İran arasında danışıqlar davam edir:
"3 raund görüş olub və danışıqlar davam edir. Birləşmiş Ştatlar prezidenti mövzu ilə bağlı bir qədər nikbindir. Razılaşmanın mümkünlüyünü və yaxın olduğunu dilə gətirib. Eyni zamanda İsrailə bunun doğru olduğunu söyləyib. Bununla yanaşı əgər İsrail istəyərsə, özü İranla nələrsə həll edə bilər kimi də açıqlama verib. Bütün hallarda Tramp Amerikanın prezidenti olaraq mövqeyini bu cür ifadə edir. İranla danışıqlar apararaq nüvə proqramını həll edməkdə maraqlıdır. Əgər problem danışıqlarla həll olmasa, İsrail onsuzda hər dəfə Amerikaya və dünyaya çatdırır ki, İran tərəfi bütün hallarda nüvə silahına nail olmaq istəyir və bunun üçün də danışıqlarla məsələni uzadır. Silahı əldə edib daha sonra Amerikanı da, dünyanı da fakt qarşısında qoymaq istəyir. Odur ki, İsrail təklif edir ki, İran bu silaha sahib olmadan onun nüvə obyektləri atəşə tutulsun və dağıdılsın ki, İran bu silahı yaxın zamanlarda əldə edə bilməsin".
O, həmçinin açıqlamasında bildirib ki, Tramp hələ ki müharibə istəmir, lakin İran tərəfi razılaşmasa, onda Amerika hərbi güc tətbiq edəcək:
"Amerika gəmilərini İrana istiqamətləndirdi. Daha sonra özünün Sakit okean bazalarına təyyarələr, ən ağır silahlar, bombalar daşıdı. Elə bir hal oldu ki, sanki Amerika İrana qarşı hərb güc tətbiq edəcək. Yəni danışıqlar alınacaqsa, müharibə olmayacaq. Lakin danışıqlar alınmasa Amerika İrana qarşı hərbi güc tətbiq edəcək. İran heç bir halda nüvə proqramından imtina etmək istəmir. Lakin danışıqların gedişatından aslıdır".
Ayşən Səlimova