Kavelaşvili regionda ilk səfərlərinə başladı

Tarix: 21:16 29.04.2025
Gürcüstan Prezidenti İrəvana səfər edib. Bu barədə məlumatı erməni mətbuatı yayıb. Gürcüstan Prezidenti Mixail Kavelaşvili Ermənistanın paytaxtı İrəvanda rəsmi səfərdədir. Onun Baş nazir Nikol Paşinyan, prezident Vaaqn Xaçatryan və bütün ermənilərin katolikosu II Qareginlə görüşü gözlənilir.
Mövzu ilə bağlı Milli Məclisin deputatı, politoloq Elşad Mirbəşiroğlu "İnformator.az"a açıqlamasında bildirib ki, parlament seçkilərindən sonra Gürcüstanın yeni prezidenti seçilən Mixail Kavelaşvili ilk səfərlərində region dövlətləri ilə əməkdaşlıq və münasibətlərin inkişafına xüsusi önəm verir:
"İlk olaraq Azərbaycana səfər edən Prezident Kavelaşvili, Azərbaycan–Gürcüstan münasibətlərinin gələcək inkişaf perspektivlərini müzakirə edib və bu istiqamətdə vacib razılaşmalar əldə olunub.
Prezidentin ikinci rəsmi səfəri isə Ermənistana baş tutub. Bu fakt, onu göstərir ki, yeni Gürcüstan rəhbərliyi regional əməkdaşlığa xüsusi önəm verir. Bu yanaşma, bütövlükdə regionun sabitliyi və inkişafı baxımından əhəmiyyətlidir. Çünki Cənubi Qafqazda yeni geosiyasi konfiqurasiya formalaşmaqdadır, fərqli təhlükəsizlik mühiti yaranır və bu proses Azərbaycanın təşəbbüsü və iradəsi ilə baş verir. Mövcud imkanlardan maksimum dərəcədə səmərəli istifadə etmək isə məhz region dövlətləri arasındakı münasibətlərin xarakterindən asılıdır.
Gürcüstan–Ermənistan münasibətləri də bu kontekstdə diqqətəlayiqdir. İki ölkə arasında iqtisadi və ticarət əlaqələri müəyyən bir inkişaf səviyyəsinə çatıb. Bununla yanaşı, strateji tərəfdaşlıq münasibətləri də mövcuddur. Bu, qarşılıqlı münasibətlərin inkişafında mühüm rol oynayır.
Bakıda keçirilən müzakirələrdə əsas mövzulardan biri də Azərbaycan–Ermənistan arasında sülh prosesinin tənzimlənməsi olub. Gürcüstan–Ermənistan münasibətləri çərçivəsində bu məsələnin qabardılması ehtimalı da nəzərdən keçirilə bilər. Belə bir yanaşma, region ölkələri arasında əməkdaşlığın dərinləşməsinə müsbət təsir göstərə bilər.
Bununla yanaşı, Azərbaycan və Türkiyə prezidentlərinin təşəbbüsü ilə irəli sürülən “3+3” formatında yeni regional əməkdaşlıq platformasının formalaşdırılması baxımından qarşılıqlı səfərlər mühüm rol oynayır. Məsələn, İran Prezidenti artıq Azərbaycana səfər edib, yaxın zamanda isə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana səfəri gözlənilir. Gürcüstan Prezidenti isə artıq Ermənistana səfər edib. Bu qarşılıqlı səfərlər, region ölkələri arasında təşəbbüs kimi irəli sürülən “3+3” formatının praktiki tətbiqinə dəstək verən müsbət nümunələrdir".
Politoloq əlavə edib ki, Gürcüstan Prezidentinin Ermənistana etdiyi səfər həm də regional təhlükəsizlik sisteminin formalaşması baxımından əhəmiyyətli ola bilər:
"Burada əsas məsələ Ermənistanın nə dərəcədə konstruktiv mövqe sərgiləyəcəyidir. Çünki Cənubi Qafqazda vəziyyətə real təsir göstərən əsas faktor Gürcüstan–Ermənistan münasibətlərindən çox, Azərbaycan və Ermənistan arasında imzalanacaq sülh sazişidir.
Azərbaycan, beynəlxalq hüquqa tam uyğun və ədalətli şərtlərlə Ermənistanla sülh müqaviləsi imzalamaq niyyətindədir. Lakin Ermənistan tərəfi hələ də bu sülhü ləngidir və məsuliyyəti əsassız şəkildə Azərbaycan tərəfinin üzərinə atmağa çalışır. Bir müddət öncə Ermənistan parlament sədrinin müavini sülhün əldə olunmamasına görə məhz Azərbaycanın məsuliyyət daşıdığını iddia etdi. Belə bir açıqlama Ermənistan rəhbərliyinin rəsmi mövqeyi kimi qəbul oluna bilər.
Ermənistan sülh prosesini gerçəkləşdirmək əvəzinə hələ də imitasiya xarakterli addımlar atır. Bu baxımdan, Gürcüstan Prezidentinin Bakıda da maraq göstərdiyi kimi, Ermənistan-Azərbaycan münasibətlərinin həllində Gürcüstanın vasitəçilik imkanlarının nəzərdən keçirilməsi əhəmiyyətli rol oynaya bilər.
Nəticə etibarilə, region ölkələri arasında əməkdaşlığın inkişaf etdirilməsi həm gələcək münasibətlərin möhkəmləndirilməsi, həm də təhlükəsizlik məsələlərinin effektiv həlli baxımından müsbət dəyərləndirilməlidir".
Aytən Ağazadə