Azərbaycanda tütün bazarındakı problemlər müzakirə olunub

Tarix: 21:24 30.04.2025
Azərbaycan Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyində tütün məmulatları, o cümlədən elektron siqaretlərlə bağlı istehlak bazarında mövcud olan problemlər müzakirə olunub. Dövlət-özəl tərəfdaşlığı çərçivəsində təşkil olunan görüşdə sözügedən məhsulların idxalı və istehsalı ilə məşğul olan sahibkarlıq subyektləri iştirak edib.
Tədbir zamanı sahibkarlara tütün məmulatlarının üzərində istehlakçılar üçün Azərbaycan dilində zəruri məlumatların yerləşdirilməsi və məhsulların müvafiq keyfiyyət göstəricilərinə uyğunluğunu təsdiqləyən sənədlərlə müşayiət olunması barədə qanunvericiliyin tələbləri izah olunub.
Bu məsələ ilə bağlı iqtisadçı Pərviz Heydərov "İnformator.az"a açıqlamasında bildirib ki, tütün məmulatları və elektron siqaret bazarı kifayət qədər gəlirli sahədir:
"Ölkəmizdə tütün məmulatlarının, siqaretin satışı üzərində aksiz dərəcələri, yəni vergilər son illər ərzində durmadan artırılır və bu, demək olar ki, ardıcıl xarakter alıb. Eyni zamanda, elektron siqaretlər bazarı da getdikcə genişlənir. Ümumiyyətlə, bu sahə daim xüsusi diqqət tələb edir. Diqqət isə əsas etibarilə nəzarətin gücləndirilməsi tələbindən ibarətdir.
Əvvəla, qeyd edim ki, bu sahə kifayət qədər gəlirlidir və istehlakçıların hüquqlarının qorunması baxımından da əhəmiyyətlidir. İkincisi, tütün məmulatları və elektron siqaretlərin idxalı faktoru da nəzərə alınmalı vacib amillərdəndir. Odur ki, dövlət-özəl əməkdaşlığı bu sahədə daha çox əhəmiyyət daşıyır. Məsələn, tütün məmulatlarının üzərində istehlakçılar üçün Azərbaycan dilində zəruri məlumatların yerləşdirilməsi və məhsulların müvafiq keyfiyyət göstəricilərinə uyğunluğunu təsdiqləyən sənədlərlə müşayiət olunması olduqca vacibdir.
O cümlədən, pərakəndə satış prosesində inhisarçılığın aradan qaldırılması və rəqabətin təşkili də dövlətin təmin etməli olduğu məsələlərdəndir. Tütün məmulatları bazarında hazırda ən əsas problemlərdən biri, məncə, kortəbiilikdir. Ümumiyyətlə, bu sahədə keyfiyyətə nəzarət baxımından çox ciddi problemlər mövcuddur".
Xədicə Məhərrəmli