ABŞ Ukraynaya yararsız F-16-lar göndərib

Bölmə: Siyasət › ,
Tarix: 19:20 02.05.2025

 

ABŞ-nin Ukraynaya hərbi dəstəyi çərçivəsində göndərdiyi F-16 təyyarələrinin bir qisminin texniki baxımdan köhnəlmiş və yararsız olduğu bildirilir. Bu fakt, Qərbin Ukraynaya hərbi yardım siyasətinin effektivliyi ilə bağlı suallar doğurur.

 

Məsələ ilə bağlı politoloq Yusif Bağırzadə "İnformator.az"a açıqlamasında bildirib ki, Ukraynanın hərbi texnikalarla – istər təyyarələrlə, istərsə də digər hərbi ləvazimatlarla – təmin olunması əsasən Avropa dövlətlərinin ehtiyat fondlarında olan və artıq istifadə olunmayan hərbi texnika hesabına həyata keçirilir:

 

"Baxmayaraq ki, bu texnikanın Ukraynaya verilməsi birbaşa Avropa ölkələri tərəfindən həyata keçirilirdi, ABŞ bu ölkələrə ya maliyyə yardımı göstərir, ya da əvəzində onlara daha müasir hərbi texnika təqdim edirdi. Məsələn, Ukraynaya verilən F-16 təyyarələri də Avropa dövlətlərinin arsenalında olan texnikalardan seçilirdi. Bunun müqabilində ABŞ həmin ölkələrə daha müasir silah və texnika təklif edirdi. İkinci məsələ isə ondan ibarətdir ki, Ukraynaya əsasən köhnə model hərbi texnikanın verilməsi bu ölkənin döyüş qabiliyyətinə bir qədər mənfi təsir göstərir. ABŞ, eyni zamanda, belə hesab edirdi ki, hər ehtimala qarşı Ukraynaya daha çox köhnə texnika göndərilməlidir. Çünki müharibə şəraitində həmin texnikaların Rusiya tərəfindən ələ keçirilməsi ehtimalı yüksəkdir. Bu isə onların texnologiyasının Rusiya tərəfindən öyrənilməsinə və gələcəkdə istifadə olunmasına şərait yarada bilərdi. Buna görə də Ukraynaya daha çox köhnəlmiş texnikalar təqdim edilirdi".

 

Ekspert həmçinin silah strategiyasi ilə bağlı mübahisəli fikirlərin mövcud olduğunu bildirib:

 

"ABŞ-nin NATO ilə bağlı silah strategiyasına gəldikdə isə, bu məsələdə də müxtəlif mübahisəli fikirlər mövcuddur. Cənab Trampın birinci prezidentlik dönəmində ABŞ-NATO münasibətləri ilə bağlı sərt bəyanatlar verdiyi məlumdur. Hazırda da ABŞ-nin gələcəkdə NATO-nun əsas donoru olub-olmaması məsələsi açıq qalır. ABŞ rəsmiləri bəyan edirlər ki, hər bir NATO üzvü öz hərbi xərclərini özü qarşılamalı və təşkilat qarşısında üzərinə götürdüyü maliyyə öhdəliklərini yerinə yetirməlidir. Əks halda, ABŞ-nin NATO ilə bağlı mövqeyinə yenidən baxılacağı istisna edilmir. ABŞ-nin Ukraynaya silah yardımı strategiyasına gəlincə, qeyd etmək lazımdır ki, bu strategiya NATO üzrə ümumi siyasətlə yanaşı dəyişməkdədir. Məsələn, Trampın prezidentliyi dövründə Ukraynaya ayrılmış 50 milyon dollar yardım birbaşa deyil, özəl şirkətlər vasitəsilə, yəni kommersiya təklifi formasında təqdim olunurdu. Bu da ABŞ administrasiyasının yardım siyasətinin kommersiyalaşdığını göstərir. Artıq Biden dövründə olduğu kimi birbaşa yardımlar verilmədiyi müşahidə olunur. Bu yanaşma təkcə Ukraynaya deyil, NATO-ya üzv olan digər dövlətlərə də şamil edilə bilər".

 

Güllər Gülhüseynova