Əzəli yurd yerimiz-Qərbi Azərbaycan

Bölmə: Mədəniyyət › ,
Tarix: 19:27 06.05.2025

Bakı Biznes Universiteti və Sosial Tədqiqatlar Mərkəzinin təşkilatçılığı ilə "Konstitusiya və Suverenlik ili" çərçivəsində "Əzəli yurd yerimiz-Qərbi Azərbaycan" adlı elmi praktik konfrans və "Qayıdış:Qərbi Azərbaycandakı maddi-mədəni irsimiz" (III cild) kitabının təqdimatı keçirildi.

Kitabın müəllifi, STM-in sektor müdiri Əfqan Vəliyev bildirdi ki, Qərbi Azərbaycana qayıdış məsələsi yalnız bir köç planı deyil, milli kimliyimizin qorunması, tarixi yaddaşımızın dirçəldilməsi və beynəlxalq hüququn təmin olunması baxımından strateji əhəmiyyətə malikdir. Onun sözlərinə görə, bu proses təkcə Azərbaycanın daxili ictimai-siyasi gündəmini deyil, həm də regional sabitliyi və sülh perspektivlərini müəyyən edən əsas amillərdən biridir.

Əfqan Vəliyev vurğuladı ki, Qərbi Azərbaycandan zorla çıxarılmış soydaşlarımızın doğma torpaqlarına dinc və mərhələli şəkildə qayıdışı, BMT Nizamnaməsi və digər beynəlxalq hüquq normaları çərçivəsində həyata keçirilməlidir. O, bu istiqamətdə Prezident İlham Əliyevin rəhbərliyi ilə görülən sistemli işləri, xüsusilə də Qərbi Azərbaycan İcmasının fəaliyyətini yüksək qiymətləndirdi.

O qeyd etdi ki, qayıdış prosesi yalnız ərazi məsələsi deyil, həm də xalqımızın mədəni irsinin bərpası və qorunması ilə sıx bağlıdır. Tarixi abidələrin, qəbiristanlıqların, məscidlərin və digər mədəni dəyərlərin bərpası gələcək nəsillər üçün mühüm mənəvi zəmin yaradacaq. Əfqan Vəliyev onu da əlavə etdi ki, bu məsələdə ictimai birliklərin, ziyalıların, medianın və vətəndaş cəmiyyətinin rolu əvəzsizdir.

Onun fikrincə, Qərbi Azərbaycana qayıdış ideyası artıq cəmiyyətin geniş təbəqələri tərəfindən qəbul olunur və ümummilli həmrəyliyin simvoluna çevrilməkdədir. Əfqan Vəliyev bildirdi ki, bu strateji məqsəd yolunda qarşıya qoyulan vəzifələr mərhələli şəkildə yerinə yetiriləcək və Azərbaycan dövləti bu məsələdə öz vətəndaşlarının yanında olacaq.

Sonda o vurğuladı ki, Qərbi Azərbaycana qayıdış bizim milli borcumuzdur. Bu borcu yerinə yetirmək üçün həm daxildə milli birlik, həm də beynəlxalq aləmdə güclü hüquqi mövqe ilə çıxış etmək əsas şərtlərdir.

STM-in sektor müdiri Tural İsmayılov bildirdi ki, Qərbi Azərbaycandakı irsimiz sadəcə tarix yox, həm də bu günümüzün və gələcəyimizin möhkəm dayağıdır. Onun sözlərinə görə, oradakı mədəni və tarixi miras Azərbaycan xalqının çoxəsrlik sivilizasiya yaddaşının ayrılmaz hissəsidir.

Tural İsmayılov qeyd etdi ki, yüzilliklər boyu Qərbi Azərbaycanda formalaşmış yaşayış məntəqələri, memarlıq abidələri, dini və mədəni ocaqlar xalqımızın oradakı dərin köklərinin şahididir. “Bu irsin sistemli şəkildə öyrənilməsi, sənədləşdirilməsi və beynəlxalq ictimaiyyətə təqdim olunması mühüm strateji xətt kimi qəbul edilməlidir,” – deyə İsmayılov vurğuladı.

STM rəsmisi əlavə etdi ki, hazırda Mərkəz tərəfindən Qərbi Azərbaycanla bağlı kompleks tədqiqat layihələri həyata keçirilir, tarixi sənədlər, arxiv materialları və xatirə mətnləri üzərində ciddi araşdırmalar aparılır. Bu tədqiqatlar, onun sözlərinə görə, həm akademik əsaslar yaradır, həm də siyasi və hüquqi müstəvidə qayıdış ideyasını daha güclü şəkildə əsaslandırır.

Tural İsmayılov onu da bildirdi ki, Qərbi Azərbaycanda vandalizmə məruz qalmış irsimizin bərpası, onun orijinal forması ilə dünya ictimaiyyətinə təqdim olunması beynəlxalq mədəni irs hüquqlarının tərkib hissəsidir. “Biz bu prosesi təkcə keçmişə dönüş kimi yox, milli mənəviyyatımızın dirçəlişi kimi qəbul etməliyik,” – deyə o əlavə etdi.

O, xüsusilə vurğuladı ki, bugünkü gənc nəsil Qərbi Azərbaycan mövzusunu yalnız kitablardan və arxivlərdən yox, canlı layihələr, filmlər, sənədli proqramlar vasitəsilə tanımalıdır. İsmayılovun fikrincə, bu istiqamətdə medianın və təhsil müəssisələrinin üzərinə böyük məsuliyyət düşür.

Sonda o bildirdi ki, Qərbi Azərbaycanla bağlı hər bir fakt, hər bir irs nümunəsi təkcə tarixçilər üçün deyil, hər bir azərbaycanlı üçün şəxsi məsələdir. “Bu məsələ bizim milli kimliyimizin sütunudur və bu sütunun bərpası Azərbaycanın gələcək qlobal mövqeyinə birbaşa təsir edəcək,” – deyə Tural İsmayılov yekunlaşdırdı. Bakı Biznes Universitetindən professor Sabir Əmirxanov, tarix üzrə fəlsəfə doktoru Aygün Kamandari, tarix üzrə fəlsəfə doktoru Sübhan Talıblı mövzu ətrafında fikirlər səsləndirdilər. Sonda STM-in nəşr etdiyi hesabatlar universitet kitabxanasına hədiyyə edildi.

Banuçiçək Kalbalıyeva