Kreml: ABŞ ilə Ukrayna məsələsində danışıqlar davam edir

Tarix: 22:00 06.05.2025
Kreml sözçüsü Dmitri Peskov ABŞ ilə Ukrayna böhranının həlli ilə bağlı danışıqların davam etdiyini bildirib.
Peskov paytaxt Moskvada jurnalistlərin gündəmlə bağlı suallarını cavablandırıb.
Rusiyanın əsas ixrac məhsulu olan neftin qiymətlərindəki enişi şərh edən Peskov deyib: “Neft qiymətləri Rusiyanın milli maraqlarına olan münasibətinə təsir edə biləcək bir amil deyil. Rusiyanın milli maraqları, neftin qiyməti də daxil olmaqla hər şeydən üstün gəlir".
Neft İxrac Edən Ölkələr Təşkilatı (OPEC) və OPEC-ə daxil olmayan bəzi istehsalçı ölkələrdən ibarət OPEC+ qrupu ilə neft qiymətləri ilə bağlı işlərin aparıldığını qeyd edən Peskov əlavə edib: “Həddindən artıq yüksək və ya aşağı qiymətlər qlobal iqtisadiyyat üçün mənfi haldır".
Peskov Rusiyanın Ukraynada 8-10 may tarixlərini əhatə edən atəşkəslə bağlı qərarına toxunaraq deyib: “Hücum olmayacaq, lakin Kiyev rejimi mövqelərimizə və obyektlərimizə hücumları davam etdirərsə, cavab tədbirləri görüləcək".
O, Ukraynanın Rusiyada mülki obyektlərə pilotsuz uçuş aparatları ilə hücumlarını davam etdirdiyini bildirərək, Kiyev rəhbərliyinin müharibəni davam etdirmək istədiyini vurğulayıb.
Mətbuatda Braziliyanın ABŞ əvəzinə Ukrayna məsələsində vasitəçilik edə biləcəyi barədə yayılan iddiaları da dəyərləndirən Peskov deyib: “Bu məsələ gündəmdə deyil. ABŞ tərəfi ilə işimizi davam etdiririk. Əlbəttə, münaqişəyə sülh yolu ilə həll tapmaq üçün səy göstərən bütün ölkələrin təşəbbüslərini alqışlayırıq".
TRT XƏBƏR
Günel Verdiyeva