"Özgüvənli uşaq necə yetişir?"

Bölmə: Sosial › ,
Tarix: 11:12 14.05.2025

Uşaqlıq dövründə formalaşan özgüvən insanın gələcək həyatına birbaşa təsir edir. Özgüvənli uşaqlar daha sosial, təşəbbüskar və emosional cəhətdən dayanıqlı olurlar. Bəs valideynlər bu xüsusiyyəti necə inkişaf etdirə bilər?

 

Mövzu ilə bağlı "İnformator.az"a açıqlamasında psixoloq Sibel Piriyeva bildirib ki, uşaqlarda özgüvən onların özlərinə və bacarıqlarına inam hissidir:

 

"Bu hiss uşağın inkişafında çox vacib rol oynayır. Uşaqlarda özgüvənin formalaşmasına təsir edən 4 amil var:
1. Valideyn münasibəti;
2. ⁠Sosial münasubətlər;
3. ⁠Təhlükəsiz və stabil mühit;
4. ⁠Təcrübə və uğur.
Uşaqlarda özgüvən hər yaşın fərqli formalarında formalaşdırılır:
1. Erkən uşaqlıq dövründə (0-3yaş) özgüvən əsasən təhlükəsizlik və bağlanma hissi ilə formalaşır. Bunun üçün aşağıdakılar vacibdir:
• Uşağın fiziki və emosional ehtiyaclarını vaxtında ödənilməsi;
• ⁠Göz təması, fiziki təmas (qucaqlaşma), emosional üz ifadələrini ifadə etməsi;
• ⁠"Afərin", "Ay sağol", "gözəl balam", "ağıllı balam" kimi sadə həvəsləndirici ifadələr söyləmək.
2. Məktəbəqədər dövründə (3–6 yaş) uşaq artıq “özüm bacaracağam” mərhələsinə keçir. Sual verir, cəhd edir, sosiallaşmağa başlayır. Belə hallarda övladlarına dəstək olmalıu:
• Uşağın suallarına səbir və hörmətlə cavab verin.
• ⁠Kiçik işlərdə (məsələn, geyinmək, oyuncaq toplamaq) özünü sınamasına imkan verin.
• ⁠“Sən cəhd etdin, bu çox gözəldir” kimi ifadələr özgüvəni gücləndirir.
3. Kiçik məktəb dövründə (6–10 yaş) özünü dəyərləndirmə başqalarının fikrinə görə formalaşa bilər. Valideynlər aşağıdakılara diqqət edərək dəstək olmalı:
• Uğura deyil, səyə və prosesə fokuslanın.
• ⁠Sosial bacarıqları (dostluq) dəstəkləyin.
• ⁠Məğlubiyyətlə üzləşəndə “Hər kəs bəzən uduzur, bu normaldır” kimi sözlərlə emosional dayanıqlığı gücləndirin.
4. Yeniyetməlik dövründə (11 yaş və yuxarı) özünü axtarış, kimlik formalaşması, bəyənilmək ehtiyacı artar. Sosial təsirlər (məsələn, dostlar, sosial media) özgüvəni ciddi şəkildə təsir edə bilər. Valideynlər övladlarına bu şəkildə dəstək olmalı:
• Onu dinləyin, mühakimə etmədən fikirlərinə hörmət göstərin.
• Bacarıq sahələrində təşviq edin (idman, incəsənət, elm və s.).
• ⁠Ona seçim haqqı verin, öz qərarlarını formalaşdırsın.
Valideynlər bu davranışları ilə övladlarının özgüvənini zədələyirlər:
• Daim tənqid etmək.
• ⁠Yaşıdları ilə müqayisə etmək.
• ⁠Yaşına uyğun olmayan məsuliyyət aşılamaq.
• ⁠Özünün edə biləcəyi işləri həmişə onun yerinə etmək.
• ⁠Başqalarının yanında cəzalandırmaq. Əgər valideyn övladında özünü ifadə edə bilməmək, bacardığı işlərdə inamsızlıq, yaşıdları ilə ünsiyyət çatışmazlığı və.s kimi problemləri müşahidə edirsə mütləq sürətdə vaxt itirmədən uşaq-yeniyetmə psixoloquna müraciət etsin".


Qəmər Kazımzadə