“Məktəbdə rüşvət varsa, sağlam mühit yoxdur”-Eskpert AÇIQLAYIR

Bölmə: Sosial › ,
Tarix: 19:38 16.05.2025

Son zamanlar Azərbaycanda məktəb direktorlarının rüşvət alma ittihamı ilə işdən çıxarılması və ya saxlanılması halları artmaqdadır. Bu, təhsil sistemində illərlə mövcud olan korrupsiya problemlərinin bir daha gündəmə gəlməsinə səbəb olub.

 

Mövzu ilə bağlı təhsil eksperti Rizvan Fikrətoğlu “İnformator.az”a açıqlamasında bildirib ki, rüşvət təhsilimizin bəlasıdır:

 

“Belə məsələlərdən uzaq durmaq, qorunmaq lazımdır. Məbləğindən asılı olaraq cinayət və inzibati məsuliyyət yaradır. Bu, müəllimlərin, direktorların işininin itirilməsi deməkdir. Məktəbdə rüşvət varsa, sağlam mühit yoxdur. Attestat pulla satılmamalıdır, çünki bu, dövlət vasitəsilə verilir. Dərsə gəlməyən şagirdlərdən müəyyən məbləğdə pul alınırsa, bu, korrupsiyadır və cinayət məsuliyyəti yaradır. Son zamanlar belə hallara daha çox rast gəlinir. Sosial şəbəkələrdə üstü açılanda tədbir görülür, amma üstü açılmayan, gizli qalan hallar var. Nazirlik və əlaqədar qurumların nəzarəti gücləndirilməli, bu istiqamətdə monitorinqlər davamlı aparılmalıdır. Əgər məktəb direktorlarından şikayət varsa, şikayətlərə obyektiv və müstəqil baxılmalıdır. Müəllimlər, şagirdlər və valideynlər üçün etibarlı şikayət kanalları yaradılmalıdır ki, onlar fikirlərini bildirə bilsinlər. Rüşvət alan şəxslər təkcə işdən çıxarılmaqla kifayətlənməməlidir, eyni zamanda qanun qarşısında məsuliyyətə cəlb olunmalıdırlar. Bu halda, rüşvət almağın asan məsələ olmadığını dərk edəcəklər”.

 

Ekspert qeyd edib ki, korrupsiyadan uzaq, düzgün işləyən direktorlar mükafatlandırılmalı, təbliğ olunmalıdır:


“Həmçinin rüşvətin etik-hüquqi cəhətdən zərərli olduğu barədə maarifləndirmə aparılmalıdır. Şagird, müəllim və digər məsul şəxlər üçün etik davranış kodeksi formalaşdırılmalıdır. Korrupsiyanı normal hal kimi qəbul edən mədəniyyətimizlə mübarizə aparılmalıdır. Direktor təyinatı şəxsi maraqlardan uzaq olmalı, qohumluq əlaqələri ilə direktor vəzifəsinə keçmək prinsipi yığışdırılmalıdır. Direktor təyinatı şəxsin peşəkarlıq keyfiyyətinə, idarəçilik qabiliyyətinə görə aparılmalıdır. Direktorların işə qəbulunda olan proseslər qaneedici deyil. Prosesi təzələmək, əlavələr etmək lazımdır”.



Əminə Əliyeva