Netanyahu: ABŞ Senatının təzyiqi ilə Qəzzaya az miqdarda ərzaq buraxılacaq

Bölmə: Siyasət › ,
Tarix: 22:03 19.05.2025

İsrailin Baş naziri Benyamin Netanyahu bildirib ki, ABŞ Senatındakı müttəfiqlərin təzyiqindən sonra 11 həftəlik blokadadan sonra Qəzzaya "minimum" miqdarda ərzaq buraxmağa qərar verilib. O, aclıq vəziyyətinə düşməməyin həm praktik, həm də diplomatik baxımdan vacib olduğunu vurğulayıb.

 

Netanyahu qeyd edib ki, yardımlar yalnız İsrail ordusu və ABŞ şirkətləri tərəfindən təhlükəsiz paylama məntəqələri qurulana qədər davam edəcək. BMT bu planı rədd etsə də, İsrail ABŞ dəstəyi ilə yeni üsul tətbiq edir.

 

Eyni zamanda, İsrailin hava hücumları nəticəsində azı 20 nəfər həlak olub, 160-dan çox hədəf vurulub. Xüsusilə Xan Yunis şəhərində sakinlərdən təxliyə tələb olunub, “misli görünməmiş hücum” xəbərdarlığı edilib.

 

İsrailin son hərbi əməliyyatları 3 mindən çox insanın ölümünə, 400 min insanın isə evsiz qalmasına səbəb olub. BMT bölgədə aclıq riskinin artdığını, 500 min insanın ac qalmaq təhlükəsi ilə üzləşdiyini bildirib.

 

Netanyahu isə humanitar yardımların HƏMAS tərəfindən ələ keçirildiyini iddia edərək, yeni metod tətbiq etdiklərini və yardımların yalnız qıtlığın qarşısını almaq üçün olduğunu bildirib. Hökumətdəki bəzi sağçı nazirlər bu qərarı tənqid edib.

 

İsrailin məqsədi Qəzzanın bütün ərazilərinə nəzarət etmək və HƏMAS-ı məğlub etməkdir. Girovların azad olunması üçün aparılan danışıqlarda isə irəliləyiş yoxdur.

 

Mənbə: BBC
Türkan Kərimli