İtlər həyat qurtarır

Tarix: 08:30 20.05.2025
Son dövrlərdə itlərin insanlara hücum etməsi ilə bağlı baş verən bədbəxt hadisələr hər kəsi məyus edir. Ötən ay Oğuzda itin azyaşlıya hücum etməsi, daha əvvəl Qobuda ərazidəki itlərin azyaşlını parçalayaraq ölümcül vəziyyətə salması və digər bu kimi hallar... Bəlkə də bir çox insanın nifrətini qazanmış bu itlərlə bağlı müvafiq tədbirlər keçirilsəydi onlar da hər biri bir həyat qurtarardı.
Bəli, günümüzdə sahibsiz itlərlə yanaşı xüsusi təlim görmüş itlər də vardır. Məhz bu itlərin sayəsində təbii fəlakətlər zamanı insan tələfatının qarşısı mümkün qədər azalır. Bu itlər xilasetmə işlərində xilasedicilərin ən yaxın dostudur. Həmin dilsiz qəhrəmanlar hazırda Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətində təlim görür (XRXX)
Yolumuz Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinədir.
İtlər XRXX-nın Kinoloji taborunda yaşayır. Tabor 2007ci ildən fəaliyyətə başlayıb. Həmin ildə taborun 9 iti var idi, zaman keçdikcə onların sayı artıb. Tabordakı itlər 4 missiya həyata keçirir. Kəşfiyyat, canlı insan axtarışı, cəsəd və partlayıcı maddə axtarışı
Hər nə qədər “qorxmuram” desəm də itləri görəndə həyəcanlanırdım
Bəzən insanlar əsəb və hirslərini göstərən zaman “it kimi hürür” və,s sözlərdən istifadə edirlər. Lakin burada vahiməli görünən çoban iti misallardakı itlərə bənzəmir. Xüsusi Riskli Xilasetmə Xidmətinə itlərin hay-küy səsi ilə daxil oldum. Hər nə qədər özümü soyuqqanlı göstərsəm də, dəmir barmaqlıqların içində olan itlərə yaxın durmağa risk etmirdim. Ancaq onlar insana heç bir zərər vermirlər. Onların həyat və fəaliyyəti ilə bağlı məlumat aldıqdan sonra qorxu və həyəcanım azaldı.
Kinoloji qrupun rəisi Kapitan Orucov Aslan itlərlə bağlı bizə məlumat verdi.
“Kinoloji taborda təkcə uçqun, dağıntı altında qalan insanların xilas edilməsi üçün deyil, həm də partlayıcı maddələrin, minaların axtarışı, mühafizə üzrə itlərin hazırlanması həyata keçirilir. Küçüklər 2 ayından təlimçilərə verilir və 7-8 ayına qədər onlarla sosiallaşma dövrü keçilir. İt tam hazır olduqdan sonra xidmət etdiyi dövr ərzində peşəkarlıq səviyyəsinin artırılması üçün daim təlimlərdə olur. Onların iş vərdişlərini daha da mükəmməlləşdirmək üçün çalışırıq”
İnsan qədər ağıllı olan bu itlər necə təlim keçir
Kinoloji Taborda itlər Beynəlxalq Kinoloji Federasiyanın qəbul etdiyi metodla-obidienslə təlim keçirlər. Bu, itlərin itaət və davranışına əsasən təlimə verilən addır. Obidiyens təlimi sayəsində it sahiblərinin verdiyi əmrlərə tabe olur və ictimai yerlərdə, evdə və digər mühitdə əmrə uyğun davranır. Təlim meydançasında itlərin fəaliyyəti ilə tanış oldum və maraqlı nüanslarla rastlaşdım. Əməkdaş bizim istədiyimiz yerdə gizləndi. Xüsusi təlim görmüş it asanlıqla əməkdaşı tapdı və hürməyə başladı, bu əslində zəlzələ zamanı zərərçəkənin tapılması üçün yaradılmış süni təlim idi. Lakin partlayıcı maddə axtaran it partlayıcını tapdıqdan sonra tamamilə sakit qaldı və yerə uzandı. Bu isə partlayıcının təhlükəsizliyi üçündür, it hərəkət edər və ya hürərsə, həmin partlayıcı qurğu səsdən işə düşə bilər. Kapitanın sözlərinə görə itlərin bütün istiqamətlərdə fərqli siqnal vasitələri olur. Aslan Orucov itlərin alman, Belçika çoban itləri və müxtəlif cins ov itləri- rus, ingilis tulaları və labrodorlar- olduğunu qeyd edir.
4 ayaqlı “mələklər”
Türkiyənin 10 əyalətini sarsıdan zəlzələ zamanı müxtəlif ölkələrdən gələn xilasedicilərlə yanaşı FHN-nin də xüsusi təlim görmüş itləri həyat qurtardı, 8 qəhrəman gecə gündüz demədən can qurtarırdı. Gördüyüm itlərin arasında Türkiyəyə yollanan it də yer alırdı. Bir çox insanların sağ çıxarılmasında xilasedicilərimizlə yanaşı, itlərimizin də fəaliyyəti böyük olub. İtlərimizdən zədələnən olmayıb. Eyni zamanda yorğun deyillər və son insanın axtarışı başa çatanadək işləmək gücündədirlər.
Bəs itlər insanın sağ olduğunu hardan bilir?
A.Orucovun sözlərinə görə İtlər 150-200 metr məsafədən insanın səsini, qoxusunu, ürək döyüntüsünü hiss edir. İtlərin verəcəyi məlumatı heç bir texniki vasitə verə bilmir. Uçqun və dağıntılar altında insanların çıxarılmasında itlərin rolu böyükdür. Qeyd edək ki, Kinoloji Taborla bağlı məlumat alan zaman öyrəndim ki, orada həkim kollektivi də fəaliyyət göstərir. Onlar itlərdə sağlamlıq problemləri aşkarlayan zaman müdaxilə edir və yararsız itləri işdən azad edirlər.
Bəli, biz bu gün itlərin insan həyatı üçün nə dərəcə önəmli olması ilə tanış olduq. İndi isə bu qəhrəmanlarla bağlı olan reportajımızın sonuna gəldik. İİtləri öldürməkdənsə, onlarla bağlı müvafiq təlimlər keçirilsə, bəlkə də yeni “qəhrəmanlar” yetişər. Hər bir canlı yaşamağı haqq edir.
Quliyeva Nuranə

20 may 2025-ci il tarixində İnsan Alverinə qarşı QHT Koalisiyası Qadın Alverinə Qarşı Beynəlxalq Alyansın (GAATW) rəhbəri xanım Bandana Patanaik ilə görüş keçirmişdir.