Böyük Britaniya İsraillə yeni ticarət sazişi üzrə danışıqları dayandırıb

Bölmə: Siyasət › ,
Tarix: 21:15 20.05.2025

 

Böyük Britaniya İsraillə yeni azad ticarət sazişi üzrə aparılan danışıqları rəsmi şəkildə dayandırıb. Bu barədə ölkənin xarici işlər naziri Devid Lammi parlamentdə çıxışı zamanı məlumat verib.

 

Lammi çıxışında bildirib ki, İsrailin Qəzza zolağında hücumlarını artırması, beynəlxalq humanitar hüququ pozması və bölgədə vəziyyətin daha da pisləşməsi Britaniyanın əsas prinsipləri ilə ziddiyyət təşkil edir.

 

“Biz bu pisləşən vəziyyəti seyr edə bilmərik. Bu, ikitərəfli münasibətlərimizin təməlini təşkil edən prinsiplərə ziddir və Britaniya xalqının dəyərlərinə təhqirdir. Bu səbəbdən bu gün bəyan edirəm ki, biz İsrail hökuməti ilə yeni azad ticarət sazişi üzrə danışıqları dayandırırıq”, – deyə nazir vurğulayıb.

 

Bununla yanaşı, Britaniya Xarici İşlər Nazirliyi İsrailin Londondakı səfirini çağıraraq, Qəzzadakı hərbi əməliyyatlarla bağlı narahatlığını rəsmi şəkildə ifadə edib.


Mənbə: Haber Global
Mahmudlu Ləman