İran ABŞ ilə danışıqların beşinci raundunun keçirilməsi təklifini alıb

Tarix: 21:18 20.05.2025
İran nüvə proqramı ətrafında yaranmış vəziyyətin nizamlanması məsələsi ilə bağlı ABŞ ilə birbaşa olmayan danışıqların beşinci raundunun vaxtı və yeri barədə təklif alıb. Bu barədə İranın xarici işlər nazirinin müavini Kazem Qaribabadi bildirib. "Biz İran və ABŞ arasında birbaşa olmayan danışıqların növbəti raundunun keçirilməsi ilə bağlı təklif almışıq. Hazırda həmin təklifə baxılır", - o qeyd edib.
Mövzu ilə bağlı "İnformator.az"a açıqlamasında politoloq Elman Vəliyev bildirib ki, İran tərəfi bu yaxınlarda deyib ki, danışıqlar gecikdiriləcək:
"Əsas güc Amerikanın əlindədir. İran tərəfi ABŞ-nin istədiklərini yerinə yetirsə, beynəlxalq bazara çıxışının qarşısı alına, həmçinin sanksiyalara məruz qala bilər.
ABŞ bildirib ki, İrana yollar açıla bilər. İran bu təkliflərə müsbət yanaşır. Ancaq nüvə silahından əlini çəkəcəyini də deməyib. Beynəlxalq səviyyədə bu danışıqlar 5+1 formatında keçirilib. Bunun məqsədi ondan ibarətdir ki, ölkələr nüvə silahı əldə etməsin".
Politoloqun sözlərinə görə, əslində bu məsələni şərh etmək üçün tezdir. İran İslam Respublikası Amerika ilə düşmən halına gəlmişdir. Pərdəarxası planlar və strategiyalardan yenə də istifadə ediləcək.
Aygün Babayeva