ERMƏNİ TERRORUNUN “xaç atası” və yaxud qadın əsiri olan Qafqaz canişini

Tarix: 21:38 28.05.2025
1905-ci ildə Bakıda siyasi-ictimai (həm inqilabi hadisələrin, həm də erməni-müsəlman münasibətlərinin) çox ziddiyətli, çətin bir zamanında qraf Vorontsov-Daşkov (İllarion İvanoviç) Cənubi Qafqaza canişin təyin edilir. Canişin ilk səfərini Bakıya edərkən çoxları belə düşünürdülər ki, o yerlərdə vəziyyəti öyrənəcək, bu qarmaqarışıqlığı sahmana salacaq, camaata bir gün-güzaran yaradacaq. Amma bilmirdilər ki, canişin Bakıya caamatın ağır vəziyyətini sahmana salmaq üçün gəlmir. O, “birbaşa Balaxanıya, öz şəxsi mədəninə gedir. Nə qədər ziyan çəkdiyini öyrənib qayıdır, Tiflisə yola düşür”.
Bu o Vorontsov-Daşkov idi ki, tədqiqatçılar onu erməni terrorunun “xaç atası” adlandırırlar. Bu o Vorontsov-Daşkov idi ki, “Molla Nəsrəddin” jurnalı çapa başlayandan cəmi on üç gün sonra (Tiflis və İrəvan general-qubernatorlarının təqdimatı əsasında) ona qənim kəsildi, saysız-hesabsız olaraq polis və jandarm məmurları mətbəəni dəfələrlə darmadağın etdilər, jurnal nəşrini dayandırmağa məcbur oldu, jurnalın Bakıya gəlməsinə qadağa qoydular, Mirzə Cəlili və Ömər Faiq əfəndini həbs etdilər (amma Mirzə Cəlil də sözünü deyib ha. Jurnalın ayrı-ayrı saylarında Qafqaz canişinin yürütdüyü antiazərbaycan siyasətini “Qoloşapova məktub”, “Qoloşapovun geri çağrılması” və bir çox məqalə və felyotonlarında çox kəskin şəkildə ifşa edib), mollanəsərddinçilər açıq-aydın təqiblərə məruz qaldılar. Bu o Vorontsov-Daşkov idi ki, bütöv azərbaycanlılara, xüsusən də ziyalılara (Əhməd bəy Ağaoğlunun və Əli bəy Hüseynzadənin vətəni tərk etməsi sırf canişinin onlara olan amansız münasibətinin nəticəsi idi. Bu haqda Əhməd bəyin xatirələrində da yetərincə fakt var) qənim kəsilmişdi.
Bütün məktublarında, çıxışlarında “Rusiya hökumətinin və Cənubi Qafqazda erməni icmasının mənafe ümumiliyini qeyd edən, etiqad qardaşlarının, xristianların “vəhşi türklərdən” müdafiəsinin zəruriliyini dönə-dönə hökumətin diqqətinə yetirən” Vorontsov-Daşkov kim idi ki, onda bu qədər türklərə, müsəlmanlara, xüsusən də azəri-türklərinə qarşı amansız nifrət var idi?
Axı arxiv materiallarından, tədqiqat əsərlərindən bəlli olur ki, Qafqazda, xüsusən də Bakıda canişin üçün bir cənnət-məkan yaradılıb. Hacı Zeynalabdin Tağıyev dəfələrlə canişini evinə qonaq dəvət edib, onun şərəfinə yüksək səviyyədə ziyafətlər verib, çox qiymətli hədiyyələrlə yola salıb.
Tədqiqatçı, yazıçı Qılman İlkinin yazdığına görə Balaxanıda ən böyük neft quyuları Vorontsov-Daşkova məxsus imiş. “Hökumət 142 desyatin torpağı Vorontsov-Daşkova hədiyyə verib”. Bu az imiş, canişin Balaxanıda öz mədəni ilə qonşu olanYetim Hacı Yusif adlı bir kasıbın “Baba bostanı” adlı yerini də zəbt edib hasara aldıraraq öz torpaqlarına qatıb. Bunu eşidən balaxanılılar canişinin bu “zarafatı” ilə barışa bilmirlər...
Bu haqda qocaman yazıçı Manaf Süleymanov “Eşitdiklərim, oxuduqlarım, gördüklərim” əsərində yazır: “Baba bostanı”nı hasara aldıqdan sonra yerin sahibi Yetim Hacı Yusif vəkil tutub işi məhkəməyə verməyi qərara alır və şəhərdə vəkil qalmır ki, müraciət etməsin. Elə ki, vəkil müqabil tərəfin Qafqaz sərdarı olduğunu eşidirdi, o saat bu işdən boyun qaçırırdı. Hələ bəziləri eyhamla deyirmiş ki, bu ayı ilə bir çuvala girmək kimi bir şeydir, çətin işdir, arxası Nikolay padşaha bağlıdır.
Axırda mülk sahibi Yetim Hacı Yusif gedir Qarabəyin (Qarabəy o zaman şəhərdə ad çıxaran vəkillərdən biri imiş. Növbəti məqalələrimdən birində onun haqqında geniş məlumat verəcəyəm) yanına, çox yalvar-yaxardan sonra Qarabəyi razı salır.
Qarabəy birbaşa Peterburqa yollanır, üç-dörd ay əlləşəndən sonra Bakıya Senat komissiyası ilə qayıdır. Komissiya üzvlərini aparır düz Balaxanıya-hasara alınmış yerin qabağına. Komissiya üzvləri yoldan ötən müsəlman, rus və yəhudilərdən soruşurlar ki, bu yerin adı nədir? Hamı cavab verir ki, Yetim Hacı Yusifin “Baba bostanı”. Həmin adamların adını yazıb qol çəkdirirlər, savadsızlar isə barmaq basırlar.
Oradan da komissiya üzvlərini aparır məscidə, orucluğa görə adamlar müqabilədə imiş. Quran oxuyurlarmış. Müqabilə qutaranda, komissiya üzvləri başlayır sorğu-suala, yüzdən çox ağzı oruclu adam qəsəm edib Qurana əl basaraq şəhadət verirlər ki, o yerin adı Yetim Hacı Yusifin “Baba bostanı”dır, ulu babalarından qalma yurdudur, nə satıb, nə də bir kəsə bağışlayıb. Komissiya deyilənləri qeyd edir.
Qarabəy sabahı gün komissiyanı aparır Sabunçuya, sonra da ətraf kəndlərə və bir qayda ilə arayış yazdırıb imza atdırır və komissiya ilə bərabər dönür Peterburqa. Vorontsov-Daşkov işi uduzur. Qarabəy Peterburqdan Bakıya “Baba bostanı”nın sahibinə qaytarılması barədə qərarla qayıdır və qanunsuz çəkilmiş hasarı Vorontsov-Daşkovun öz işlər rəisinə də sökdürtdürür” (bu haqda yazıçı Qılman İlkinin “Bakı və bakılılar” əsərində də geniş məlumat var ).
Bütün bunlara baxmayaraq Vorontsov-Daşkov 1905-ci ildən 1915-ci ilə kimi “Cənubi Qafqazda açıq-aşkar ermənipərəst siyasətini yürütdü”.
Əslində çar hökuməti 1905-ildə Bakıda inqilabi hadisələrin istiqamətini dəyişmək, qarşısını almaq, aranı qarışdırmaq üçün erməni-müsəlman məsələsini ortalığa atıb. Və bu məsələnin “həll”ini də erməni terrorunun “xaç atası” adlanan qatı antiazərbaycan siyasəti aparan Vorontsov-Daşkova həvalə edir (quzu qurda tapşırılır).
1906-cı ilin fevralında çar Rus hökuməti Qafqaz canişini Vorontsov-Daşkova tapşırır ki, ermənilərlə azərbaycanlıların nümayəndələrini çağırıb onların arasında olan münaqişənin “səbəbini öyrənsin və “həll” etsin”.
Canişin Azərbaycan nümayəndələrindən Əhməd bəy Ağaoğlunu və Əlimərdan bəy Topçubaşovu qəbul edir. Onlar canişinə bildirirlər ki, “ermənilər zorla bizim torpaqlarımıza sahib olmaq istəyirlər. Buna görə də azərbaycanlılara qarşı qırğına əl atırlar. Hökumətin isə bu işə laqeyd qalması çox təəccüb doğurur. Tələb edirik ki, bu barədə canişinlik ciddi tədbirlər görsün”.
Nümayəndə heyətinin bu sözlərindən qəzəblənən canişin “dövlət bu milli münaqişəyə qarışmayacaq, gedin öz aranızda olan münaqişələri özünüz həll edin!” deyərək onları yola salır və çar II Nikolaya məktub ünvanlayır. Məktubda yazırdı: “Ermənilər ən etibarlı rəiyyətlərdəndir. Xristian olduqları üçün bizə sədaqətlidirlər. Qafqazda 1500 nəfər erməni könüllüsündən ibarət birləşmə yaradılmış. Cəbhəyə göndərmək üçün onları silahlandırmaq lazımdır”.
Zaman və arxiv sənədləri bir daha sübut edir ki, uzun illər keçsə də, heç nə dəyişməyib... Bu, əsrin əvvəllərində baş verən hadisələrdir. Əsrin sonunda isə Vorontsov-Daşkovun etdiklərini Mixayıl Qorbaçov təkrarladı.
Əslində Vorontsov-Daşkovu Qafqaza, xüsusən də Bakıya ayaq açmasının iki səbəbi var idi: Bakı neftindən zənginləşmək və antiazərbaycan siyasətini davam etdirərək “vəhşi türklər”dən qisas almaq.
Yenicə Qafqaza canişin təyin edilən Vorontsov-Daşkov Çar hökumətinə ünvanladığı məktubu haqqında yazıçı Q.İlkin yazırdı: “Neftə olan tələbatı nəzərə alaraq, Şamaxı Dövlət palatasına icazə vermişəm ki, Bakı qəzasında Xəzər dənizi sahilində Beybad (Yəqin ki, Bibiheybət nəzərdə tutulur-Q.İ.) və Balaxanıda quyular qazıb neft çıxarsınlar. Lakin Beybadda neft çıxsa da, gələcəyi yoxdur. Balaxanı meydançasında qazılmış iki quyudan isə təmiz neft çıxmışdı. Bu iki quyu təkcə fevral ayında 600 pud neft vermişdi. Bunu nəzərə alaraq, palataya təklif etmişəm ki, Balaxanı meydançasında quyu qazmağa davam etsinlər”.
Bakıda neft işinə rəhbərliyi bütövlüklə ələ keçirmək niyyətində olan Vorontsov-Daşkov Qafqaz canişinliyinin Baş idarəsində xüsusi komissiya yaratdı. Canişinin Bakı neftinə belə “canıyananlıq” etməsi nəticəsində neft quyularının əksəriyyətinin Bakıda yaşayan ermənilərin əlinə keçməsinə səbəb oldu.
Görəsən, canişin niyə belə edirdi? Bəlkə böyüdüyü mühit və yaxud arvadı Lizanın milliyyətcə erməni olması onu bizə qarşı belə amansız etmişdi. Amma sözsüz ki, Vorontsov-Daşkov bunları təkcə etmirdi. Təbii, o, çar hökumətinə arxalanır və onun gücü ilə bunları həyata keçirirdi. Çünki valideynləri çar sarayına çox yaxın olublar (atalar boşuna deməyib ha “balıq başdan iylənər”).
Rus tədqiqatçılarının yazdığına görə Vorontsov-Daşkovun “atası İvan İllarionoviç və anası Aleksandra Kirillovna III Aleksandrın, sonra isə II Nikolayın ailəsi ilə çox yaxın ünsiyyətdə olublar. İvan İllarionoviç Vorontsov-Daşkov Sank-Peterburqdakı sarayında tez-tez bal şənliyi keçirir, bu şənlikdə çar da öz ailəsi ilə birlikdə iştirak edirdi. Anası Aleksandra Kirillovnanın gözəlliyi, cazibədarlığı və şivəbazlığı ilə seçilərdi. Rus şairləri də onu öz şeirlərində vəsf etmişdilər. Deyilənə görə, qrafinya son dəblə, böyük zövqlə həm də açıq-saçıq geyinməyi bacarmış, dövrünün xanımlarından seçilmişdir. Mütəmadi olaraqİvan İllarionoviçin sarayında təşkil olunan bal şənliklərində qrafinya əldən düşənədək rəqs edər, gülüşləri, açıq-saçıq geyimləri və qeyri-adi hərəkətləri ilə hamının diqqətini özünə cəlb edərdi. Onun əri tərəfindən zəhərləndiyi və pis şəraitdə öldüyü deyilirdi”.
Butün bunlardan sonra İllarion Vorontsov-Daşkov təkcə Qafqazın canişini kimi deyil, həm də Aleksandra Kirillovnanın oğlu kimi tanınır. Anasının oğlu olan bu Vorontsov-Daşkov sonra da bütün həyatı boyu olur arvadı Lizanın əsiri.
Qərənfil Dünyaminqızı