Terror təşkilatına hava və quru əməliyyatı: 60 terrorçu məhv edilib

Tarix: 20:44 30.05.2025
Nigeriyanın şimal-şərqində yerləşən Borno əyalətində “Boko Haram” terror təşkilatına qarşı keçirilən əməliyyatlarda 60 terrorçu zərərsizləşdirilib.
Ordunun sözçüsü Oniyeçi Anele yazılı açıqlamasında bildirib ki, Borno əyalətinin Bita bölgəsində səhər saatlarında Boko Harama qarşı həm hava, həm də quru əməliyyatları keçirilib.
Anele əməliyyat nəticəsində 60 terrorçunun məhv edildiyini qeyd edib.
Nigeriyanın Milli Təhlükəsizlik üzrə müşaviri Nuhu Ribadu daha əvvəl bildirib ki, 2023-cü ildən bəri Boko Haram və İŞİD-in Qərbi Afrika qolu olan ISWAP terror təşkilatlarına qarşı mübarizədə ümumilikdə 13 min 543 terrorçu öldürülüb. Minlərlə silahlı isə ordunun qarşısına təslim olub.
2000-ci illərin əvvəllərindən etibarən Nigeriyada fəaliyyət göstərən Boko Haram, 2009-cu ildən bəri həyata keçirdiyi kütləvi terror hücumlarında on minlərlə insanın ölümünə səbəb olub.
2015-ci ildən bu yana isə terror təşkilatı Kamerun, Çad və Niger kimi qonşu ölkələrdə də hücumlar təşkil edib. Təşkilatın Çad gölü hövzəsindəki hücumları nəticəsində ən az 2 min nəfər həyatını itirib.
Ölkədə terror hücumları və toqquşmalar səbəbilə yüz minlərlə insan məcburi köçkün vəziyyətinə düşüb.
Haber Global
Nuray Əliyeva