Rusiya heyəti danışıqların ikinci raundu üçün bazar ertəsi səhəri İstanbulda olacaq-Kreml

Bölmə: Dünya › ,
Tarix: 21:13 30.05.2025

Kreml sözçüsü Dmitri Peskov bildirib ki, Ukrayna ilə bağlı yüksək səviyyəli danışıqlarda nəticə əldə olunması üçün nümayəndə heyətləri arasında görüşlər vacibdir. O qeyd edib:

 

“Rusiya danışıqlar heyəti İstanbul istiqamətində yola çıxır və danışıqların ikinci raundu üçün bazar ertəsi səhəri hazır olacaq”.

 

Peskov bu fikirləri Moskvada jurnalistlərin suallarını cavablandırarkən səsləndirib.

Avropanın təhlükəsizliyi məsələsinin avropalılarla məsləhətləşmələr tələb etdiyini vurğulayan Peskov əlavə edib:

 

“Onlarsız bu məsələni həll edə bilmərik. Ancaq bazar ertəsi İstanbulda keçiriləcək toplantının gündəmində birbaşa Rusiya-Ukrayna danışıqları olacaq”.

 

O qeyd edib ki, Rusiya heyəti 2 iyun tarixində İstanbulda keçiriləcək danışıqlarda iştirak etməyə hazırdır.

“Rusiya danışıqlar heyəti İstanbul istiqamətində yola çıxır. Danışıqların ikinci raundu üçün bazar ertəsi səhəri hazır olacaq”– deyə Peskov bir daha təkrarlayıb.

 

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Rusiya Prezidenti Vladimir Putin, Ukrayna Prezidenti Volodimir Zelenski və ABŞ Prezidenti Donald Tramp arasında Türkiyədə keçirilə biləcək mümkün zirvə ilə bağlı suala cavab verən Peskov deyib:

 

“Belə bir görüşdən əvvəl iki ölkənin nümayəndə heyətləri arasında aparılan birbaşa danışıqlardan müsbət nəticə alınmalıdır. Əgər nəticə olarsa, o zaman əlbəttə ki, ən yüksək səviyyəli təmaslardan danışmaq olar”.

 

 

TRT Xəbər

Nuray Əliyeva